30 oktyabr 2019 20:30
327

Konqresdən sonrakı dövr Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalıdır

Dövlətimizin başçısı “Azərkosmos” Açıq Cəhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi qəbul edərkən Bakının 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyini şərtləndirən amilləri və hədəfləri açıqladı

Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması Azərbaycanın yeniliklərə imza atan, ən əsası yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verən ölkə kimi tanınmasının aydın mənzərəsini yaradır. Digər tərəfdən, Azərbaycanın bütün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində sabit, təhlükəsiz ölkə kimi qazandığı imic də əhəmiyyətli rol oynayır.

Dövlətimizin başçısı İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi qəbul edərkən bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, Bakının 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi haqqında qərarın dəstəklənməsi ölkəmizin siyasi nüfuzunun təzahürü, Azərbaycana olan inamın nəticəsidir: “Yadımdadır, bu ilin iyul ayında Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Azərbaycanda səfərdə idi. Mən onu qəbul etmişdim və ona öz niyyətimizi bildirmişdim ki, biz çox istəyirik, növbəti Konqres Bakıda keçirilsin. Çünki biz hesab edirik ki, bu, ədalətli olar. Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.”

2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək.

Cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tezisinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atıldı. Ən əsası qarşıya qoyulan məqsədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin prioritetliyi önə çəkildi və buna uyğun olaraq regional inkişaf proqramları qəbul olundu, uğurla icra edildi. Artıq 3 Dövlət Proqramının icrası başa çatıb, dövlətimizin başçısı İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Sənədlərdə nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının, keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına geniş imkanlar açıb.

Davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. Hər zaman qeyd olunduğu kimi, iqtisadiyyatın inkişafı elmin və yeni texnologiyaların inkişafı ilə zəncirvari bağlıdır. İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr verir. Ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Azərbaycanda internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır, ən yeni 4G, 5G xidmətləri təqdim edilir. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur.

Ölkəmizdə informasiya- kommunikasiya texnologiyalarının inkişafına diqqətin bariz nümunəsi dövlətimizin başçısı İlham Əliyevin 17 fevral 2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)”nın uğurlu icrası nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsinin nəzərəçarpacaq dərəcədə artmasını, həmçinin 2013-cü ilin ölkəmizdə “İKT İli” elan edilməsini xüsusi qeyd etməliyik. “İKT İli”ndə ölkəmizin ilk telekommunikasiya peyki orbitə buraxıldı. Ölkə Prezidenti İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük nailiyyəti kimi dəyərləndirərək bildirmişdir: “Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.” “Azərspace-1” ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrdə inkişafa təkan verir. 2016-cı ildə “Azərsky” müşahidə peyki və 2018-ci ildə isə “Azərspace- 2” peyki orbitə buraxıldı. “Bu peyklərin çox böyük əhəmiyyəti var” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edirlər. Peyklərin kommersiya tərəfi də xüsusi qeyd olunmalıdır. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar öz növbəsində qeyri-neft sektorunun inkişafını şərtləndirir. “Azərsky” müşahidə peyki vasitəsilə nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim izləyə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsində “Azərsky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində bu sahədə də xaricdən asılılıq tamamilə aradan qaldırılıb. Bir sözlə, Azərbaycan qısa müddətdə dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilib. Bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. Azərbaycan İKT sahəsində təkcə region deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən “Bakutel” beynəlxalq sərgi və konfransı Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilməsi, ildən-ilə onun əhatə dairəsinin və iştirakçılarının tərkibinin genişlənməsi də deyilənlərin təsdiqidir.

Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan qəbulda ictimaiyyətin diqqətini bir məsələyə də yönəltmişdir: “1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilmişdir. Cəmi bir dəfə, o da Bakı şəhərində. O vaxt ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdir ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin. Hesab edirəm ki, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilmişdir. Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcəkdir.” Bu mühüm hadisəni Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirən cənab İlham Əliyev təkcə oktyabr ayında ölkəmizin iki mühüm uğura imza atmasını xüsusi qeyd etmişdir. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına bir illik, dünyanın BMT-dən sonra ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına 3 illik sədrliyi beynəlxalq aləmdə artan nüfuzunun, siyasi çəkisinin təsdiqidir.

Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın növbəti beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyinin böyük məsuliyyət və bununla bərabər böyük fürsət olduğunu önə çəkərək Konqresin ölkəmizdə keçirilməsindən çox böyük dividentlər əldə etməyin vacibliyini diqqətə çatdırır: “O mənada ki, beynəlxalq əməkdaşlıq daha da geniş vüsət almalıdır.”

Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması bir daha bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olacaq. “XX əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır” bildirən dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bizə imkan verir ki, Konqres ən yüksək səviyyədə keçirilsin. Bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq.

Qeyd edək ki, Azərbaycanın qarşıdakı illərdə hədəflərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilmiş və bu hədəfin reallaşdırılmasında İKT sektorunun rolu, potensialı önə çəkilmişdir. Dövlətimizin başçısı İlham Əliyev Konsepsiyaya uyğun olaraq ölkədə innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunmaq üçün İKT sektorunun inkişafının prioritetliyini mühüm vəzifə kimi qarşıya qoyub. Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün İKT sektorunun həcminin 4 dəfədən çox genişləndirilməsi nəzərdə tutulub. Bu mühüm addımlar onu deməyə əsas verir ki, müstəqil Azərbaycan dövlətinin gələcək tarixi də İKT-nin davamlı inkişafı ilə əlamətdar olacaq və ölkəmiz bu sahədə daha möhtəşəm uğurlara imza atacaq.

Yeganə Əliyeva, “İki sahil”