16 yanvar 2021 18:16
776

Könül Nurullayeva: Tarixi Azərbaycan şəhəri kimi Şuşanın statusu bərpa olundu

Müstəqillik dövründə Azərbaycan dövlət başçısı ilk dəfə Şuşaya səfər edirdi. Bu səfər zamanı səslənən bəyanatlar, dövlət başçısının və ailə üzvlərinin işğaldan azad olunmuş ərazilərimizdə, xüsusilə də Şuşada tarixi abidələrə münasibəti dövlətin mədəni irsimizin qorunmasına həssas yanaşmasının göstəricisidir.

"İki sahil" xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Şuşada  bütün tarixi binaların bərpasına start verilib. Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Şuşada bir sıra tarixi məscidlərdə, tarixi məkanlarda oldular. Şuşa Realnı Məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır. Bu abidələrin hər biri Şuşa şəhərinin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu təsdiqləyir. Azərbaycan Ordusu işğala son qoymaqla Şuşanın erməniləşdirilməsinin qarşısını aldı.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərini ziyarət edərək məscidlərə Məkkədən gətirilmiş “Qurani-Şərif” kitabları hədiyyə verdilər, dualar etdilər.

Deputat bildirib ki, bu abidələrin mühafizəsi ən yüksək səviyyədə təmin olunacaq. Təəssüf ki, Şuşada 67 məscid dağıdılıb və yararsız hala salınıb. İşğal dövründə Yuxarı Gövhərağa məscidinin təmir adı altında təhrifi, tarixin saxtalaşdırılması cəhdi aydın sezilir. Artıq cənab Prezident də qeyd edib ki, bizə bu cür imitasiya xarakerli təmir lazım deyil. Biz öz tarixi abidələrimizi, məscidlərimizi özümüz bərpa edəcəyik. Bu abidələrin orijinal simasının qorunması olduqca vacibdir. Bu məscidlərin bərpasında təbii ki, Heydər Əliyev Fondu xüsusi rol oynayacaq. Çünki istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda mədəni irsin mühafizəsi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir.

Müqayisə üçün deyim ki, Paşinyan və ailə üzvlərinin, daha əvvəllər isə Sarksiyanın, Köçəryanın bu ərazilərə səfərləri zamanı talançılıq və işğalçılıq elementləri müşahidə olunurdu. Lakin Azərbaycan rəhbərliyi Qarabağa quruculuq məqsədilə səfər edir. Bu torpaqların hər qarışı Azərbaycana və Azərbaycanlılara məxsusdur. Şuşa artıq xunta rəhbərlərinin poliqonu olmaqdan xilas edildi, Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Ən vacib məqamlardan biri isə Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı həm məscid, həm də kilsəni ziyarət etməsi idi. Bununla dövlət başçısı növbəti dəfə tolerantlıq nümunəsi sərgilədi. Bizim xalq və dövlət olaraq bütün dinlərə münasibətimiz hər zaman bu cür olub. Azərbaycan bundan sonra da regionda sülh və əməkdaşlığın, tolerant mühitin möhkəmlənməsinə töhfə verəcək.