20 may 2019 17:44
1267

Korarx kəndində görüş - FOTO

Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanovun Ağdaşda seçicilərlə növbəti görüşü rayonun Korarx  kəndində baş tutub.

Görüşdə C.Osmanov əhatəli çıxış edərək son 15 ildə ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan söz açıb. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu  siyasətdən bəhs edən Milli Məclisin deputatı bildirib ki, vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir: «Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Azərbaycanda bütün iqtisadi və sosial təşəbbüslər dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilir.» Qısa zaman kəsiyində Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əmək haqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində imzalanan sənədlərdən danışan Cavid Osmanov qeyd edib ki, bunlar ölkə başçısının, dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür.

Görüş iştirakçıları ilə apardığı fikir mübadiləsi zamanı Milli Məclisin deputatı onu da bildirib ki, dövlətimizin mayın 29-da Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkili ilə bağlı bütün zəruri tədbirləri həyata keçirməsinə baxmayaraq bütün mötəbər tədbirlər ərəfəsində olduğu kimi, bu dəfə də Azərbaycanı istəməyən qüvvələr ölkəmizə qarşı şər, qarayaxma, böhtan kampaniyalarına başlayıblar. Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və bu kimi müxtəlif beynəlxalq tədbirlər və bir neçə ildir ki, Formula 1 yarışları yüksək səviyyədə keçirilib. Bütün bunlar isə antiazərbaycan mərkəzləri və erməni lobbisini ciddi şəkildə narahat edir. Komfort həyat üçün xaricə qaçaraq orada özlərini «siyasi mühacir» kimi qələmə verənlərin də bu işdə alətə çevrildiyini qeyd edən C.Osmanov bu kimi antimilli ünsürlərin cəmiyyətdə heç bir dayaqlarının olmadığını və onların xalq tərfindən sadəcə nifrətlə qarşılandığını bildirib.

Görüşdə Elmir Hüseynov, Rəfail Məhyəddinov, Nuridə Əhmədova, Rahim Rəhimov, Səxavət Babayeva, Məhəmməd Gülafov və Süleyman Cəfərov çıxış edərək bildiriblər ki, ölkəmiz durmadan inkişaf edir, insanların sosial rifahı ildən-ilə daha da yaxşılaşır. Sabitliyin, ictimai asayişin və əmin-amanlığın bərqərar olduğu bir ölkədə yaşamağın özünün böyük bir xoşbəxtlik olduğunu qeyd edən görüş iştirakçıları vurğulayıblar ki, bütün bunlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasətin nəticəsidir.

Orxan Vahidoğlu, «İki sahil»