31 may 2020 14:53
887

Koronavirus pandemiyası ilə mübarizədə təhsil işçilərinin rolu

          Ümumdünya  Səhiyyə  Təşkilatı  artıq  bir  neçə  aydır ki, dünyanı  təşvişə  salan  yeni  virusu  (COVİD-19) pandemiya  elan  edib. Pandemiya  insandan -  insana  asanlıqla  ötürülən  yeni  bir  yoluxucu  xəstəliyin  qlobal  miqyasda  kütləvi  yayılmasıdır. Hazırda  pandemiya  meyarlarının  tam  siyahısı  bəlli  olmasa  da,  bildirilir ki, koronavirusla  bağlı   martın 9-dan  sonra  qeydə  alınan  rəqəmlər bu  meyarlara  cavab  verib  və  Ümumdünya  Səhiyyə  Təşkilatı  bu  səbəbdən  sürətlə yayılan dəhşətli virusu pandemiya  elan  edib.  Pandemiyanın qarşısının alınması üçün insanlar  evdə  qalmalı,  ailə  üzvləri  kənar  insanlarla   təmaslarını  minimuma  endirməli  və  xəstəliyin  hər  hansı  bir  əlamətini özündə müşahidə etdikdə dərhal özünü  təcrid  etməli və lazimi qurumlara məlumat verməlidir. Yalnız bu şəkildə biz bu pandemiyadan özümüzü və yaxınlarımızı qoruya bilərik.

          Mart ayının 3-dən  ölkədə  yayılan  pandemiyaya  görə  təhsil  sistemində  bütün  universitetlər, məktəblər və məktəbəqədər təhsil müəssisələri ölkə başçısının tapşırığı ilə  müəyyən müddətə bağlandı və tədris prosesi tamamilə dayandırıldı.  Ölkədə  martın  15-dən  mayın  31-nə  qədər  karantin  rejimi  tətbiq  edildi.  Buna  baxmayaraq  evdə qalan şagirdlərin təhsildən yayınmaması üçün “evdə  qal, təhsildən  qalma”  layihəsi  əsasında  tele  dərslər  və  onlayn  dərslər  keçirilməyə başladı.  Aprelin  2- dən  etibarən isə Təhsil  Nazirliyi tərəfindən  “Virtual  Məktəb”  layihəsi  hazırlandı və dərslər  hazırlanmış  cədvəl  əsasında   şənbə  və  bazar  günlərini  çıxmaqla  həftəarası  hər  gün  keçirilir.  Hal – hazırda da  proses davam  etdirilir. Qeyd edək ki, qiymətləndirmə  I yarımil  qiymətlərinə  əsasən  aparılacaq.  Bununla da Təhsil Nazirliyi ilk dəfə olaraq bütün ölkəni əhatə edən distant təhsil şəbəkəsi yaratmağa nail olaraq fasiləsiz təhsili təmin etmişdir. Bu gün müəllimlərimiz, məktəb rəhbərlərimiz, bütovlükdə təhsil işçilərinin hamısı əzmkarlıq və fədakarlıq göstərərək şagirdlərin təhsildən geri qalmaması üçün var gücü ilə çalışır və dövlətimizin apardığı ardıcıl və məqsədəyönlü siyasətə öz dəstəyini verir. Bu hər birimiz üçün qürurvericidir. Azərbaycan müəlliminin fədakarlığı bu prosesdə bir daha önə çıxmış oldu. Beləliklə, cənab  Prezidentimiz  İlham  Əliyevin  də  dediyi  kimi: “koronavirusla  müharibədə  üç  əsas  qüvvə  çalışır,  ön  cəbhədə  həkimlər,  polislər,  arxa  cəbhədə  isə  müəllimlər”. Bəli doğrudan da  belədir.

Pandemiyanın iqtisadiyyata və makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı da ölkədə ciddi tədbirlər  reallaşdırılmışdır. Verilən məlumatlara görə bu sahəyə 3,5 milyard manatdan çox vəsait ayrılıb. Belə ki, həyata keçirilən tədbirlərlə ölkə ərazisində dövlət və özəl sektorda işləyən minlərlə insanın əməkhaqqqısı ləngimədən vaxtında verildi. Bəli, Cənab  Prezidentimiz  İlham  Əliyevin  apardığı  düzgün siyasətin  nəticəsidir ki,  bütün  təhsil  sahəsində  çalışanların,  o  cümlədən  bütün  müəllimlərin  aylıq  əmək  haqqları  vaxtı - vaxtında  tam  verildi. Bunun üçün biz ölkə başçısına minnətdarıq. Mən  də öz növbəmdə sıravi  Azərbaycan  müəllimi  və  Yeni  Azərbaycan  Partiyasının  bir  üzvü  olaraq   Prezidentimizə  dərin  minnətdarlığımı  bildirirəm.  Və əminliyimi bildirirəm ki,  Azərbaycan  xalqı  əl-ələ  verib qaydalara  riayət  etməklə    bu  koronavirus   pandemiyası ilə  mübarizədə  qalib  olacaq.  Prezidentimizin  dediyi  kimi  “Biz  birlikdə  güclüyük” !!!

Türkan Məmmədova

Bakı şəhəri, Pirallahı rayonu Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin tarix müəllimi