24 sentyabr 2020 18:11
1016

Koronavirus və iqtisadiyyat: Azərbaycanda sənaye istehsalında azalma əmsalı elə də böyük olmadı

Bəşəriyyəti çətin sınaq qarşında qoyan COVID-19 qlobal iqtisadiyyatın bütün sahələrinə mənfi təsirini göstərməkdə davam edir. Necə deyərlər, Dünya iqtisadiyyatının pandemiya şoku və ya tənəzzülü hələ də davam edir. 2020-ci il koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatının tənəzzülü kimi yaddaşlara yazıldı desək, yanılmarıq. Beynəlxalq təşkilatların hesabatlarına və mütəxəssislərin hesablamalarına görə koronavirusun qlobal iqtisadiyyatda yaratdığı qeyri-müəyyənlik üzündən dünya ölkələrində iqtisadi tənəzzül bundan sonra da davam edəcək. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumu yeni növ COVID-19 pandemiyası ilə bağlı mövcud vəziyyəti qlobal tənəzzül adlandırıb. Dünyada ən böyük narahatlıq doğuran məqam təbii ki, qarşıdakı müddətdə koronavirus pandemiyası səbəbindən uzunmüddətli qlobal tənəzzüldür.  Böyük iqtisadiyyatlarda maliyyə vəziyyətinin zəifləməsini, bəzi ölkələrdə sənayenin və ya sektorların tamamilə sağlamlaşdırılmaması, iri şirkətlərin və KOB-ların iflas səviyyəsinin artması və şirkətlərin satın alınması ilə bir-birinə birləşməsi tendensiyası kimi amilləri pandemiyanın fəsadları olaraq göstərirlər.

Təbii ki, pandemiya ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da iqtisadiyyatına təsirsiz ötüşməyib. Cari ilin ilk dörd ay ərzində ölkədə iqtisadi artım müşahidə olunub. Lakin may-iyun aylarından sonra iqtisadiyyat bir qədər zəifləyib. Azərbaycanda pandemiyanın yaratdığı böhranlı vəziyyətdən az itki ilə çıxmaq və postpandemiya dövrünə hazırlaşmaq məqsədilə ölkəmizdə genişmiqyaslı tədbirlər görülür, iqtisadi və sosial proqramlar həyata keçirilir. Bütün bu proseslər fonunda ölkəmizdə pandemiyadan zərərçəkən sahələrə dəstək paketləri reallaşdırılır. Pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək mexanizmi vasitəsilə büdcədən 1 milyard manat vəsait ayrılıb və ümumi dəstək paketinin məbləği 3,5 milyard manata çatdırılıb. Bundan başqa, Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Həmçinin kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kiçikhəcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, ortahəcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib.

Qeyd edək ki, koronavirus pandemiyası əksər dünya ölkələrində daha çox sənaye sektorunu tənəzzülə uğradıb. Sənaye sektoru iqtisadiyyatın əsas aparıcı sahəsi olduğundan pandemiyanın yaratdığı fəsadlar, istehsalın azalması daha çox sənaye sektorunda özünü göstərib. Pandemiya dövründə müxtəlif inkişaf səviyyəsinə malik olan ölkələrdə sənaye məhsullarının istehsalında 10 faiz azalma müşahidə olundu. Bəzi ölkələrdə isə hətta sənayedə azalma 15 faizədək yüksəldi. İxracatında sənaye məhsulları əsas yer tutan ölkələrdə azalma daha çox özünü göstərir.

 Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq Azərbaycanda sənaye istehsalında azalma əmsalı elə də böyük olmadı. Məhz bu səbəbdən sənaye istehsalında qeydə alınan azalma digər ölkələrlə müqayisədə elə də böyük deyil. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye məhsulu istehsalı 3,1 faiz azalıb. Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-avqust aylarında 24,7 mlrd. manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz az sənaye məhsulu istehsal edilib. Özü də bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,9 faiz azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,6 faiz artıb.

Zahid Rza, “İki sahil”