24 noyabr 2020 20:35
770

Koronavirusa yoluxanların sayı niyə sürətlə artır?

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə müxtəlif sərt tədbirlərin görülməsinə baxmayaraq yoluxma sayında artım davam etməkdədir. Vəziyyəti daha aydın izah etmək üçün onu demək kifayətdir ki, hələ ötən ayın 4-də ölkədə koronavirus testi edilmiş hər 37 nəfərdən birinin nəticəsi pozitiv çıxmışdısa, hazırda bu göstərici 4 nəfərə qədər enib. Nəticədə bu göstərici koronavirusa yoluxmanın artan dinamika ilə davam etdiyini göstərir ki, bu, ürəkaçan hal deyil.

Qeyd edək ki, hazırda ticarət və xidmət sahələrində fəaliyyət karantin qaydalarının tələblərinə əməl edilməsinə əsaslanır. Əks təqdirdə, tələblərə əməl etməyənləri gözləyən cərimələrin məbləği heç də az deyil. Lakin xüsusilə ictimai-iaşə, pərakəndə ticarət obyektlərində qaydalara əməl edilib-edilməməsinə tam nəzarət etmək mümkün deyil.

Digər tərəfdən, son günlər evdə müalicə alan şəxslərin qadağan olunmasına baxmayaraq, yaşayış yerlərini tərk etmələri hallarının aşkar edilməsi koronavirusa yoluxmadakı kəskin artımın bir səbəbinin də buradan qaynaqlandığını deməyə əsas verir. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, noyabrın 22-də və 23-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, eləcə də Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında isə 21 aktiv  COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid edilib. Hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Əvvəlki dövrdə xəstələrin böyük əksəriyyəti müalicələrini xəstəxana rejimində aldıqlarından onlara nəzarət imkanları da geniş idi. Lakin xəstələrin evdə müalicə olunmaları onlara nəzarət imkanlarını da məhdudlaşdırmış olur. Aydın məsələdir ki, belə xəstələr xəstəliyi yüngül formada keçirdiklərindən yaşadıqları yeri asanlıqla tərk edə, ticarət və xidmət obyektlərinə gedə, hətta işləyə də bilirlər. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova noyabrın 24-də bildirib ki, 30 min 787 koronavirus xəstəsi evdə müalicə olunur. Ölkə əhalisinin əksər hissəsinin ictimai nəqliyyatdan istifadə etdiyini, onlardakı sərnişin sıxlığının hələ də qarşısıalınmaz proses olduğunu nəzərə alanda, belə xəstələrin sağlam şəxsləri sürətlə yoluxdura bildikləri yerlərin başında məhz avtobusların olduğu məlum olur.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin noyabrın 24-də keçirilmiş iclasda bildirib ki, məsələnin həllini Bakı Metropoliteninin fəaliyyətinin bərpa olunmasında görür: “Pik saatlarda avtobuslara yaxın düşmək mümkün deyil. Elə bil hər dayanacaqda mitinq gedir. Metronu açmaq bu işi asanlaşdırar”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi karantin rejimində etdiyi dəyişikliklərdən biri də Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin 28 dekabr saat 06:00-dək uzadılmasıdır. Həmçinin bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması müddəti də həmin vaxtadək uzadılıb. Bundan başqa, ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.

Ancaq belə görünür ki, koronavirusla mübarizədə təkcə tibbi maskadan istifadə və məhdudlaşdırıcı tədbirlər yetərli deyil. Baxmayaraq ki, ölkəmizdə bu sahədə atılan addımlar digər ölkələrdəki analoji tədbirlərdən heç də geri qalmır. Lakin görünən odur ki, pandemiya ilə mübarizədə digər tədbirlərə də ehtiyac var. Buraya xüsusilə ev şəraitində müalicə təyin olunan koronaviruslu xəstələrə nəzarətin gücləndirilməsi və ictimai nəqliyyatda  sosial məsafənin təmin edilməsi aiddir. Əks təqdirdə koronavirusa yoluxanların sayının sürətlə artması daha sərt karantin  tədbirlərinin tətbiqini aktuallaşdırır.

Ceyhun Piriyev, “İki sahil”