31 mart 2020 14:08
1424

Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir

Koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə atılan bütün addımlar, tətbiq olunan xüsusi karantin rejimi vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir. Bu istiqamətdə həyata keçirilən silsilə tədbirlər çox vacibdir və hər birimizin maksimum şəkildə riayət etməsini şərtləndirir.


Bu fikirləri AZƏRTAC-a açıqlamasında “SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mütəmadi olaraq əhaliyə müvafiq tövsiyələr verməsi, eləcə də ciddi ölçülərin götürülməsi vətəndaşlarımızın daha da məsuliyyətli olması və dünyanı cənginə alan COVID-19 təhlükəsindən qorunmaq məqsədini daşıyır. “Vətəndaşlarımız koronavirusun nə qədər təhlükəli olduğunu, onun dünyada nə qədər böyük problemlər yaratdığını, hər gün on minlərlə insanın bu xəstəliyə yoluxduğunu, minlərlə insanın isə dünyasını dəyişdiyini ciddi qəbul etməlidirlər. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu dünyada pandemiya elan etməsi məsələnin nə qədər mürəkkəb olduğunu göstərən amillərdən biridir və vacib siqnaldır”, - deyə B.Quliyev əlavə edib.
Ekspertin sözlərinə görə, həyata keçirilən tədbirlərdə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir. Qəbul olunan qaydalara əməl etmək, verilən tövsiyələrə riayət etmək məcburidir. Hər kəs bu məsələyə həssas yanaşmalı, ətrafındakıları maarifləndirməklə yanaşı, müvafiq qaydalara əməl olunmasını tələb etməlidir. İctimai qınaq formalaşmalı, biri digərini tənqid etməyi bacarmalıdır. Bir insanın məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusla üz-üzə qalmaq təhlükəsi yaşayır. Buna artıq son qoymalı, özümüzü, həyatımızı, yaxınlarımızı, bütövlükdə cəmiyyətimizi düşünməliyik. Əks halda, daha ciddi problemlə üzləşə bilərik. Demək olar ki, artıq problemin astanasındayıq, əgər vətəndaşlar karantin rejiminin tələblərinə uyğun davranmasalar yoluxanların sayı da sürətlə arta bilər. Hər kəs bunu anlamaq məcburiyyətindədir. Koronavirus infeksiyasının lokallaşdırılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə hər birimiz həmrəy olub bu təhlükəli infeksiyaya qalib gəlməliyik.