07 avqust 2020 14:06
795

Koronavirusla mübarizədə yenidən müsbət dinamika əldə olunub

Prezidentin rəhbərliyi ilə görülən məqsədyönlü tədbirlər nəticəsində koronavirusla mübarizədə yenidən müsbət dinamika əldə olunub

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirələr, iclaslar, etdiyi çıxışlar, söylədiyi nitqlər özü bir tarixdir, tarixə çevrilir, tarixə həkk olunur. Çünki hər birində xalqın, dövlətin, yerləşdiyimiz bölgənin, regionun, bütövlükdə dünyanın taleyüklü məsələləri ilə bağlı dərin, məzmunlu, geniş və əhatəli fikirlər səsləndirilir, mesajlar verilir. Hər biri də inkişafa, tərəqqiyə, sülhə, təhlükəsizliyə, insan sağlamlığının və rahatlığının təmin edilməsinə yönəlik fikirlər, mesajlar, bəyanatlardır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva bildirib.

Deputat qeyd edib ki, avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə dövlətimizin başçısının həm giriş, həm yekun nitqləri, səsləndirdiyi fikirlər, mesajlar bir daha deyilənlərin təsdiqi oldu. “Prezident İlham Əliyev bütün dünyanı, o cümlədən ölkəmizi cənginə almış “gözəgörünməz düşmən”, “çağırılmamış qonaq” olan koronavirus pandemiyasının yaşandığı ötən 5 aya, görülən işlərə, atılan addımlara bir daha nəzər salaraq, ümumi mənzərəni gözlər önündə canlandırmış oldu. Bəli, Azərbaycan koronavirus pandemiyasının qarşısının alınması, onun genişlənməsinə imkan verilməməsi istiqamətində böyük işlər görüb. Dövlətimizin gördüyü işlər, atdığı bu addımlar hər bir dövlət üçün nümunə ola bilər. Pandemiyanın xüsusilə, iqtisadi inkişafa, iqtisadiyyata böyük zərbələr vurmasına rəğmən, Azərbaycan dövlətinin bu çətin və ağır situasiyada da başlıca, əsas xətti, hədəfi Azərbaycan vətəndaşları, onların sağlamlığı, təhlükəsizliyi, bu bəladan az maddi və mənəvi itkilərlə çıxması olub və bunlara da nail olunub. "Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”, - deyən dövlətimizin başçısı çıxışında onu da bildirib ki, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülüb. Yəni, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub, 760 min insana lazımi maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. Həmçinin son bir neçə ay ərzində 600 mindən çox insana 190 manat birdəfəlik müavinət verilib və hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir ki, həmin rayonların bu kateqoriyaya aid insanlarına avqust ayında da 190 manat birdəfəlik müavinət ödəniləcək. Bununla bağlı çıxışında dövlətimizin başçısı hökumətə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq tapşırığını verdi. "Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik", - deyə çıxışına davam edən Prezident, həmçinin 2020-ci ilin dövlət büdcəsində aparılan dürüstləşdirməyə, dəyişikliklərə toxunaraq qeyd etdi ki, neftin qiyməti 55 dollar yox, 35 dollar səviyyəsində götürülməsi nəzərdə tutulur və bunun özü də Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir”.

Son illər Azərbaycanın bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də böyük uğurlara imza atdığını, qlobal əhəmiyyətli layihələri icra etdiyini vurğulayan Jalə Əliyeva bildirib: “Möhkəm təməl üzərində qurulan iqtisadiyyatımız imkan verir ki, istənilən böhranla əlaqədar düzgün addımlar ataq. Neftin qiyməti 35 dollar səviyyəsində olsa da, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra ediləcək, ölkəmizin hərbi potensialı möhkəmləndiriləcək. Bəli, bu addımı yalınız Prezident İlham Əliyev kimi böyük cəsarətə, güclü iradəyə malik olan bir lider ata bilər”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və operativ qabaqlayıcı tədbirlərin, o cümlədən xüsusi karantin rejiminin və sərtləşdirilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində koronavirusla mübarizə sahəsində yenidən müsbət dinamikanın əldə olunduğunu söyləyən Jalə Əliyeva qeyd edib ki, dövlətimizin başçısı müşavirədəki çıxışında bir daha hər bir kəsi məsuliyyətli olmağa, koronavirus pandemiyasının aradan qaldırılması ilə bağlı görülən işlər nəticəsində əldə edilən müsbət dinamikanı qoruyub, saxlamağa dəvət edərək dedi: “Əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq”.

Deputat qeyd edib ki, bu bəladan tezliklə birlikdə xilas olmaq, qurtulmaq istəyiriksə, bu dönəmdə də səbirli, təmkinli, soyuqqanlı olmalı, Operativ Qərargahın, TƏBİB-in, mütəxəssislərin bütün tövsiyələrinə, çağırışlarına, qərarlarına bir nəfər kimi, əməl etməliyik. İnanıram və əminəm ki, biz bunu da bacaracağıq və birlikdə daha da güclü olacağıq.