KÖŞƏ

Zahid Rza

Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritetidir

07 may 2020 10:25
3730

Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin yaradılması, xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün əsaslı zəmin yaradıb.

“İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar,- artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub” deyən ölkəmizin başçısının siyasi iradəsi və əzmi ilə ictimai həyatımızın bütün sferalarında aparılan köklü islahatlar bir daha sübut edir ki, Azərbaycan keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Bu gün respublikamızda bütün istiqamətlərdə olduğu kimi, struktur islahatları ilə bərabər, kadr islahatları da davam etdirilir. Müasir çağırışlara cavab verən, yüksək intellektli, təmiz, tapşırılan işləri keyfiyyətli şəkildə həyata keçirməyə qadir olan kadrların irəli çəkilməsi cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturları təsdiq edilib, Milli Məclis yenidən formalaşıb. Ölkəmiz demək olar ki, öz inkişafının yeni mərhələsinə daxil olub. Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi qüdrətinin artırılması ilə yanaşı, prioritet vəzifə olaraq insan hüquq və azadlıqlarının qorunması istiqamətində də məqsədyönlü və ardıcıl tədbirlərin miqyası gündən-günə genişlənir.

Bu gün dövlət başçısının vergi orqanları qarşısında “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergidən yayınmanın qarşısının alınması, uçotsuz fəaliyyət göstərənlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və dövlətə çatası vergilərin tam həcmdə büdcəyə səfərbər olunması kimi mühüm tapşırıqlarının yerinə yetirilməsi istiqamətində ciddi addımlar atılır. Artıq “kölgə iqtisadiyyatı”nın qarşısını almağa yönələn addımlar öz ciddi nəticələrini verir. Məşğulluq müqavilələrinin sayının artması, büdcə daxilolmalarında verginin payının yüksəlməsi və sair göstəricilər bu istiqamətdəki irəliləyişlərin uğurla davam etdiyinin əyani təsdiqidir.

Ölkə rəhbərliyinin siyasi iradəsi, əzmi və qətiyyəti sayəsində korrupsiyaya qarşı mübarizədə ciddi nəticələr əldə edilməkdədir. Dövlətimizin başçısı daim korrupsiya və rüşvətin qarşısını almaq üçün bu prosesin davamlı olacağını bildirir.

Son vaxtlar Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması bir daha göstərdi ki, kimliyindən asılı olmayaraq qanunları pozan hər bir şəxs öz layiqli cəzasını alacaqdır. Çünki belələri ilk növbədə onlara göstərilən etimadı doğrultmayıblar. DTX tərəfindən həbs olunmuş icra başçılarının rəhbərlik etdikləri rayonların sakinləri çox haqlı olaraq onların qanunsuz əməlləri barədə ölkə rəhbərliyinə müraciət ediblər. Bu şəxslər barəsində kifayət qədər təkzibolunmaz sübutlar olduğuna görə haqlarında tamamilə doğru olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Heç şübhəsiz ki, xalq malını talayanlar, kasıbın, kimsəsizin son tikəsinə göz dikənlər, qulhaqqı yeyən bu vicdansız, mərhəmətsiz, harınlamış xəyanətkarlar öz layiqli cəzalarını alacaqlar.

Təbii ki, ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir. Ona görə də dövlətimizin başçısı daim ictimai nəzarət və ictimai qınaq faktorlarını xatırladır. Ekspertlərin də söylədikləri kimi, burada məqsəd korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə kütləviliyi, ümumi ictimai mənafelər naminə mübarizliyi təmin etməkdir. Çünki ictimai nəzarət yol verilmiş qanun pozuntularının aşkar edilməsində əlavə informasiya mənbəyi kimi çıxış etməklə müvafiq orqanları faydalı məlumatlarla təmin edə bilər.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirib ki, prokurorluq orqanları korrupsiya və rüşvətxorluğa qarşı daha fəal iş aparmalıdırlar. Ölkə başçısı, həmçinin bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparıldığını və dövlət məmurlarına xəbərdarlıq edildiyini də vurğulamışdır: “Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir.”