24 noyabr 2020 11:46
686

Kütləvi etirazlar Paşinyan iqtidarını qorxuya salıb

Ermənistanda etiraz aksiyalarının artması Paşinyan iqtidarını qorxuya salıb.

Azvision.az xəbər verir ki, erməni mediası hökumətin vətəndaşlara təzyiq etməsi ilə bağlı yeni detallar aşkarlayıb. Belə ki, mitinqə axının qarşısının alınması üçün müxtəlif yollara əl atan iqtidar indi də dövlət işçilərinə təzyiq edir.

“Hraparak” nəşrinin məlumatına görə, Ermənistanda siyasi proseslər kifayət qədər sürətlə inkişaf edir və bu hakimiyyət üçün ciddi başağrısına çevrilib: “Artıq iki həftədir Yerevanda mitinq iştirakçılar Nikol Paşinyanın istefasını tələb edir, bölgələrdə də etiraz aksiyaları keçirilir. Əldə etdiyimiz məlumata görə, belə bir vəziyyət hökuməti ciddi qorxuya salıb. Bu mövzuda bəzi detallar bəlli olub. Mənbəmizin verdiyi məlumata görə, keçən həftə bir neçə nazirlikdə xüsusi iclaslar keçirilib. Dövlət qurumları əməkdaşlarını Azadlıq meydanında iş saatlarından sonra keçirilən nümayişlərdə iştirak etməməyə çağırıb”.

Nəşr yazır ki, işçilərə hərbi vəziyyətlə əlaqədar Ermənistanda nümayişlərin qadağan edilməsi xatırladılıb. Bu səbəbdən nazirlik işçiləri mitinqlərə qatılacaqları təqdirdə 400 min dram pul cəzası alacağı ilə hədələniblər:

“Yeri gəlmişkən, mənbəmiz, nazirliklərin bir neçə işçisinin “yaxalandığını” və cərimələndiyini söyləyib. Ancaq etibarlı mənbələrin verdiyi məlumata görə, Nikol Paşinyanın imzaladığı kapitulyasiya sənədinə görə, dövlət qurumlarında nümayişlərə qatılmaq istəyənlərin, narazı məmurların sayı kifayət qədər çoxdur”.