06 dekabr 2019 19:38
1436

“Lacoste” sevərlərdən birisinizsə...

Lacostedən  bir əşyanız  olmasa  belə, bu məşhur yaşıl timsahın həkk olunduğu brenddən yəqin ki, xəbəriniz var.  Dünyada çoxlu “Lacoste” sevərlər var. Əgər onlardan birisinizsə , bu məlumatları diqqətlə oxuyun.

“Lacoste”  ilk dəfə 1933-cü ildə  Fransanın Troyes şəhərində Rene Lakoste tərəfindən  yaradılıb.

Yaradıcısı Rene Lakoste  tennis  ustası olub və o bu brendi  trikotaj şirkətinin rəhbəri Andre Jilye ilə birlikdə yaradıb.

İlk öncə bu brendin adı “La Chemise Lacoste” adlansa da, sonradan  qısa şəkildə - “Lacoste” olaraq tanınıb.

Bəzi insanlar Rene Lakostenin tennis meydanındakı əzmkarlığına və qətiyyətinə görə “timsah” ləqəbinə sahib olduğu üçün geyimlərində   timsah simvolundan istifadəsinə inanırlar. Ancaq başqa bir tarixi  mənbə Rene Lakostenin  mərcdə qalib gəldikdən sonra  bu ləqəbi aldığı deyilir. Mərcə görə,  Rene   amerikalılara qarşı xüsusi bir tennis matçında qalib  gəlməli idi.

1929-cu ildə -  şirkətin rəsmi  olaraq yaradılmasından əvvəl Lakoste özü üçün  üzərində yaşıl timsah şəkli olan ağ rəngli tennis köynəyi hazırlayır. Bu gün bu qısaqol ağ rəngli tennis köynəyi  şirkətin ilk məhsulu hesab olunur.

2000-ci ilin əvvəllərindən artıq “Lacoste” həvəskarları  brendə məxsus, ayaqqabılar, günəş eynəkləri, saatlar  da almağa başlayıblar.

1951-ci ildə “Lacoste” köynəkləri müxtəlif rənglərdə təqdim olunmağa başladı, həmin məşhur loqo  müxtəlif rəngli köynəklərdə öz əksini tapdı və  bir il sonra isə firmanın qısaqollu köynək nümunələri “Proffesional idmançıların simvolu” olaraq ABŞ-a göndərilirdi.

1963-cü ildə şirkətin idarə edilməsi Renenin oğlu Bernard Lakostenin öhdəliyinə keçir.  Məhz bundan sonra timsah loqosu  bir çox idman məhsullarının, parfumeriya qablarının, eynək, çanta, saat, ayaqqabı və digər aksesuarların üzərini bəzəyir.

Bernardın dövründə “Lacoste” daha da güclənir və brend gün ərzində təxminən 300.000 əşyasını satır.

1970-ci illərdə “Lacoste” bir çox ölkələrdə hökm sürən dəb üslubu kimi məşhurluq qazanır. Həmin vaxtlar qısaqollu köynəklər dəbli amerikanların  əsas simvolu hesab olunurdu. Amerikalılar “Lacoste”yə məxsus sport köynəklər  almağa  can atırdılar.

2005-ci ildə markanın çeşidləri  dünyanın 110 müxtəlif ölkəsində satışa çıxarılır.

XXI əsrin əvvəlləri “Lacoste” və oxşar loqoya sahib “Crocodile Garments” şirkətləri arasında   soyuq müharibə başlayır.  Belə ki, “Lacoste”yə məxsus loqonun  üzərində  üzünü saga tərəf çevirən yaşıl rəngli  timsah,  “Crocodile Garments”ə məxsus loqonun üzərində isə üzünü sola tərəf çevirən  qəhvəyi  rəngli timsah var. 

Bu illər ərzində “Lacoste” şirkəti ilə daha çox tanınmağa müvəffəq olan bir neçə yüksək səviyyəli tennisçi ilə müqavilələr bağlayır.  Məşhur simalara Andrew Roddick, Rich Gasquet və Stanislas Wawrinka daxildir.

Bernard Lakoste  2006-cı ildə dünyasını dəyişir və şirkət  balaca qardaşı  Mişel Lakostenin öhdəliyinə keçir. 

2007-ci ildə yeni rəhbərliyi ilə birlikdə “Lacoste”nin  veb saytı hazırlanır ki, bu da insanların sevdikləri köynəkləri, ətirləri və ayaqqabıları  mağazaya getmədən almağa kömək edir. 

factsite.com saytının materialları əsasında hazırladı:

Leyla Şıxəli Bayramlı, “İki sahil”