Koronavirus pandemiyası başlayandan bəri ilk dəfə olaraq Latın Amerikası ölkələri yoluxma hallarının sayına görə Avropanı geridə qoyub.
AZƏRTAC AFP agentliyinə istinadla xəbər verir ki, Cənubi Amerika ölkələrində ümumilikdə 2 milyon 730 min yoluxma halı rəsmi şəkildə qeydiyyata alınıb. Avropada isə bu göstərici 2 milyon 700 minə yaxındır.
Qitələrarası müqayisədə Şimali Amerika mənfi rekorda başçılıq edir. Burada 2 milyon 800 mindən artıq yoluxma halı mövcuddur ki, onun da təkcə 2,7 milyonu ABŞ-ın payına düşür.
Bütün dünya üzrə yoluxma hallarının sayı artıq 10,9 milyona çatıb, indiyədək 521 mindən artıq şəxs COVID-19 xəstəliyindən həyatını itirib.