12 avqust 2020 19:37
1247

Layihələrin reallaşdırılması davam etdirilir

YAP Binəqədi rayon təşkilatında pandemiya dövründə də layihələrin reallaşdırılması davam etdirilir

Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan və milyonların partiyası olan Yeni Azərbaycan Partiyasının sıraları günbəgün möhkəmlənir, inkişaf edir. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. Yeni Azərbaycan Partiyasının yaradılmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də məhz Binəqədi rayon təşkilatıdır. Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı da partiyanın Bakı şəhəri üzrə yaradılan ilk yerli strukturlarından biridir. Bu təşkilatın digər özəlliyi ondan ibarətdir ki, respublika üzrə ilk inzibati bina məhz YAP Binəqədi rayonu üçün tikilib istifadəyə verilib. Sıralarında 15 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 7 mart tarixində təsis edilib.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki,  rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rəhbərliyin tapşırıq və tövsiyələrinə, eləcə də üzvlərin təşəbbüsünə əsaslanaraq uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib: «Dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatlar ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaradır. Bu gün ölkəmizin dünyada söz sahibi olduğunu, bütün sahələr üzrə dinamik və məqsədyönlü uğurlara imza atdılması bütün bunları iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsidir. Xalqımız yaxın keçmişini unutmayıb və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz düşdüyü çox ağır vəziyyətdən nicat tapıb».

Ramiz Göyüşov diqqətə çatdırıb ki, gənclər bütün strukturlarda olduğu kimi, YAP Binəqədi rayon təşkilatında da aktivdirlər: «Partiya sıralarına yeni qoşulanların əksəriyyətinin gənclərdən ibarət olması bu fikri təsdiqləyir ki,  gənclər öz işlərini daha çox İKT müstəvisində qururlar. Çünki zaman dəyişir və bütün dünya informasiya texonologiyalarından səmərəli istifadə etməyə çalışır. Bu baxımdan, gənclərin sosial şəbəkələrdə iştirakı daha çox diqqəti cəlb edir. İnternet insanların həyat tərzinə çevrilib. Bu mənada, gənclərimiz sosial şəbəkələrdə çox aktivdirlər və burada partiyamızın prinsiplərini, dövlətimizin həyata keçirdiyi siyasətin uğurlarını təbliğ edirlər. Bilirsiniz ki, müxalifətdən olan gənclər də sosial şəbəkələrdə iştirak edir, hakimiyyətə qarşı mənfi rəy formalaşdırmağa çalışırlar. YAP-ın gəncləri isə onlara tutarlı cavab verirlər. Demək olar ki, artıq sosial şəbəkələr siyasi mübarizə meydanına çevrilib.»  Ramiz Göyüşov bildirib ki,  son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyəti geniş vüsət almış, yeni dövrə qədəm qoymuşdu: «Ölkəmizdə gənclər arasında könüllülük fəaliyyəti artıq ənənəyə çevrilib. Respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğurlara imza atmaları ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsidir. Respublikamızda uğurla həyata keçirilən könüllü fəaliyyəti Binəqədi rayonunda da uğurla davam etməkdədir.

Hazırda bütün dünyada insanların sağlamlığına və sosial-iqtisadi inkişafa başlıca təhdid mənbəyinə çevrilən yeni növ koronavirus infeksiyasına qarşı Azərbaycanda çevik və səmərəli mübarizə aparılır. Yeni Azərbaycan Partiyası da əhali arasında müxtəlif maarifləndirmə tədbirləri və humanitar aksiyalar həyata keçirməklə COVID-19 infeksiyası ilə mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət siyasətinə yaxından dəstək nümayiş etdirir. Könüllülər rayonda yaşayan tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkərək onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə çoxsaylı gigiyenik vasitələr çatdırıblar, xəstəlikdən qorunma üsullarını ətraflı izah ediblər. Həmçinin gənclər və könüllülər karantinlə əlaqədar maarifləndirici materiallar da dərc edərək ayrı-ayrı evlərə, şəxslərə paylayıblar. Ayrılmış yardımların yaşlı, kimsəsiz, imkansız, əlil vətəndaşlara çatdırılmasında  könüllü gənclərin xidməti əvəzolunmazdır, təqdirəlayiqdir».

R.Göyüşov qeyd edib ki, gənclərlə işin yüksək səviyyədə qurulması, onların hərtərəfli inkişaf etdirilməsi, maarifləndirilməsi Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının siyasətinin əsas istiqamətlərindən biridir. Xüsusilə gənclərə vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması, onların savadlı, təhsilli, elmli gənclər olaraq yetişmələri, intellektual səviyyələrinin, dünyagörüşlərinin daha da artırılması, ictimai-siyasi fəal, peşəkar kadrlar olaraq yetişmələri və s. üçün ardıcıl layihələr həyata keçirilmişdir. Pandemiya dövründə də layihələrin həyata keçirilməsi davam etdirilir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»