11 iyun 2019 16:14
287

Lənkəranda kənd təsərrüfatı texnika yarmarkası keçirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə sonuncu kənd təsərrüfatı texnika yarmarkası Lənkəranda keçirilir. Cənub zonasının rayonlarını əhatə edən yarmarka iyunun 11-də başlayıb. 2 gün davam edəcək yarmarkada 30-dək təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim edir.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev kənd təsərrüfatı texnikaları satışına dövlət güzəştləri barədə məlumat verib. Mirzə Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanı  və bu fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası” kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan ehtiyacını aradan qaldırmaq istiqamətində atılmış mühüm addımdır.

“Texnika satışına tətbiq edilən yeni qaydalar fermerlərdə kənd təsərrüfatı texnikası almağa yüksək stimul yaradıb. Texnika yarmarkalarında biz bunu çox aydın müşahidə edirik. Bütün təchizatçılardan texnika alışına dövlət güzəştinin tətbiq edilməsi, güzəştlə satılan texnikanın siyahısının genişlənməsi sayəsində hər bir fermer öz təsərrüfatına uyğun həcmdə texnika əldə etməyə maraq göstərir”, - deyə  Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev vurğulayıb.  

Agentlik sədri qeyd edib ki, fermerlərin istək və ehtiyaclarını nəzərə alaraq texnika yarmarkasında ənənəvi ehtiyac duyulan traktor, kombayn, müxtəlif tip qoşqu avadanlıqları ilə yanaşı, güzəştlə satılan texnikalar siyahısına yeni salınmış müxtəlif tip suvarma qurğuları da nümayiş etdirilir: “Yeni avadanlıq və qurğuları fermerlərə tanıtmaqda məqsədimiz onların öz təsərrüfatlarını innovativ yanaşma ilə təşkil etməsinə yol göstərməkdir”.

Xatırladaq ki, kənd təsərrüfatı texnikası yarmarkalarının keçirilməsinə may ayının 20-dən start verilib. İndiyədək Şəmkir, Ucar, Bərdə, Şəki, Quba rayonlarında texnika yarmarkası təşkil olunub.