KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

İlham Əliyevin lütfünə sığındılar…

19 mart 2019 12:22
2049

Elə bir əfv sərəncamı oldu ki, bunları şoka saldı. Gözləmirdilər. Heç arzu da etmirdilər. Arzu etmirdilər ki, adları səs və para gətirəcək məhbuslar həbsdən çıxsın. Sərf eləmirdi bu onlara.

Prezident İlham Əliyev hər zamankı təmkinlə, hər zamankı böyüklüklə davrandı bu dəfə də. Düşündü və dedi ki, qarşıdan ən əziz bayramımız – Novruz gəlir. Qoy məhbuslar arasından mümkün qədər çox insanın ailəsini, yaxınlarını sevindirim. Bunun üçün bir sərəncamla 399 nəfəri ümumiyyətlə dustaq evindən çıxardı, 32 nəfərin də cəzasını bu və ya digər şəkildə yüngülləşdirdi.

Onların “siyasi məhbus” dediklərinin də böyük bir qismini azad etdi Prezident İlham Əliyev. Baxmayaraq ki, həmin adamların həm özləri, həm də “silahdaşları” bütün əməllərini Prezidenti gözdən salmağa həsr edib, İlham Əliyev böyüklüyünü bu dəfə də göstərdi. Heç fərqinə belə varmadı ki, onlar nə edib, bundan sonra nə edə bilərlər.

İlham Əliyev bu “siyasi məhbuslar”ı əfv edəndə, əlbəttə, bilirdi ki, onlardan bəziləri çıxıb yenə də ağıllarına və ağızlarına gələni danışacaqlar. Bilirdi ki, onların şakəri nədir, necə qalıb. Bilirdi ki, onların yekə-yekə danışıb özlərini qəhrəman kimi qələmə verməyə həvəsləri var.

Prezident İlham Əliyev həm də onu bilirdi ki, bu adamlar nə qədər yekə-yekə danışsalar da bir gerçək dəyişən deyil: onlar həbsdən məhz İlham Əliyevin lütfü sayəsində çıxmışlar! Həbsdən çıxanların da demək olar hamısı bu lütfü düzgün anlayır, dəyərləndirir. Çox xırda istisnalar var. Bir zamanı keçmiş qoca korrupsioner, bir neçə nəfər də cırtqoz gənc özlərindən qəhrəman düzəltməyə, hətta öz ağıllarınca İlham Əliyevin üzərinə getməyə cəhd göstərirlər. İndi biz də məcbur qalıb onlara məhz İlham Əliyevin lütfü sayəsində dustaqdan azad olduqlarını xatırlatmalı oluruq.

Biz onlara deməyə məcburuq ki, əgər doğrudan da İlham Əliyevin bu lütfünü qəbul etmirdinizsə, onda dustaqda qalmağa davam edəydiniz. Niyə etmədiniz? Niyə sonadək “dirəniş” göstərmədiniz? Axı siz “prinsipial” və “əyilməz” siyasi “mübarizlər”siniz. Necə oldu ki, bəyənmədiyiniz, qəbul etmədiyiniz və hətta qarşısında heç vaxt “əyilməyəcəyiniz” Prezident İlham Əliyevin lütfünə sığınmağa razı oldunuz?

Bu “prinsipiallar” öz yerində, onları qızışdıranlar haqqında da bir neçə kəlmə demək istərdik. Həmin qızışdırıcılar, yuxarıda da qeyd etdiyimiz kimi gözlənilməz bir zərbəyə məruz qaldılar. Ona görə də bəziləri hətta təqdir etdilər Prezidentin əfvini. Açıq bəyanatlar verdilər bununla bağlı. Amma az keçməmiş gördülər ki, bu əfvi belə təqdir etsələr işləri tıxanacaq. Ona görə də yenidən valı dəyişdilər, başladılar nala-mıxa vurmağa.

…Nala-mıxa vuranların bütün gedişləri ona hesablanıb ki, İlham Əliyevin bu böyük humanist aktını gözdən salsınlar. Gözdən salsınlar ki, özlərinə yeni manipulyasiya imkanları qazansınlar.

Dedik axı, bunlara o “siyasi məhbuslar”ın bayırda olması sərf eləmir. İndi ki, bayıra çıxıblar və fakt qarşısında qalıblar, onda da bu durumdan istifadə etməyə çalışırlar. Amma bir şeyi unudurlar: olan olub, görən də görüb. Artıq baş vermiş gerçəkliyi kim dəyişə bilər ki? Heç kim! Heç allahın özü də olmuşları və keçmişləri dəyişə bilməz!

Yəqin bunu yaxşı anladıqları üçün yenə də söyüş çetelərinə komanda veriblər. Komanda veriblər ki, əfv sərəncamını gözdən salsınlar. Diqqəti bu humanist aktın özündən yayındırıb insanları yanlış yönə çəksinlər. Amma vətəndaşımız da o qədər ağılsız deyil axı. Vətəndaş yaxşı anlayır ki, əfv etmək böyüklük əlamətidir. Əfv etmək sevindirməkdir, insanlara xoşbəxtlik bəxş etməkdir. Belə bir aktı necə gözdən salmaq olar? Heç cür!

Hə, bax, bu aktı heç cür gözdən sala bilməyəcəkləri üçün çılğına dönüb bunlar həm də! Bir yandan yaxşı pula gedən “siyasi məhbuslar” əldən çıxıb, digər yandan da vətəndaş bunların çaldığına oynamır.

Çox şey itirdilər, çox. Çılğına dönməsinlər də nə etsinlər?

Sözardı: Bizsə Prezidentin belə humanist addımlarını təqdir etməyə davam edəcəyik. Davam edəcəyik ki, belə addımların ardı gəlsin. Çünki bizim məqsədimiz doğrudan da insanların həbsdən çıxıb yaxınlarına qovuşmasıdır. Radikalların məqsədisə daha çox insanın həbsdə qalması, bunun üzərindən alver imkanlarını saxlamaqdır…