12 dekabr 2019 11:04
1099

Lider varsa, millət var...

Əgər bir anlıq tarixi şəxiyyətlərə nəzər salsaq tərəddüd etmədən deyərdim ki, ilk baxışda əzəmətli, dürüst, məğrur, işıqlı siması ilə canlanan Heydər Əliyevi görəcəyik. Ulu Öndər gəncliyində memar olmaq istəyirdi. İncə ruhu, yaradıb, yaşatmaq istəyi elə o dövrdən özünü büruzə verirdi. Bəli, O müasir Azərbaycanın memarı oldu. Həyat yolu isə onu siyasətə yönəltdi. Bu gün fəxrlə Azərbaycan Respublikası deyiriksə Onun xidmətlərinin nəticəsidir. Yaradan hər bir xalqa nəsib olmayan müdrik, uzaqgörən, nəbzi hər zaman xalqı ilə vuran, özünü xalqına həsr edən dahi şəxsiyyəti, Heydər Əliyevi Azərbaycan xalqına ərməğan etdi.

Ulu Öndərin  gənc yaşlarında, hələ Sovet dönəmində topladığı həyati və siyasi təcrübələri onu geniş dünyagörüşlü, dünyəvi düşüncələrlə zəngin, böyük siyasətçi kimi formalaşdırdı. Tarix kitablarını vərəqlədikcə, onun gördüyü işlərin ardıcıllığını, lazımlılığını, o dövrün çətinliklərinə baxmayaraq necə dəqiq və incə bir xətt üzrə həyata keçirdiyini, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul etdiyini görürük.

Ulu Öndərin natiqliyi, məntiqli nitqi, auditoriyanı ələ almaq bacarığı, Azərbaycan gəncliyinə bir məktəbdir. Heydər Əliyev rəssamla rəssam, memarla memar, neftçi ilə neftçi kimi söhbət edirdi. Arxiv videolara baxdıqda təəccüblənməmək olmur. Bir insan bu qədərmi hərtərəfli düşüncəli və məlumatlı ola bilər? Onu Vətəninə, dövlətinə, xalqına olan sevgisi buna məcbur edirdi. Azərbaycanın tarixinə, mədəni irsinə, mədəniyyətinə, xalqına olan məhəbbəti, müasirliyə olan rəğbəti ilə, yalnız uğurlu gələcəyi düşünən Ulu Öndər Vətənimizi dünyaya tanıtdı. Bunun nəticəsidir ki, bu gün də ölkəmiz dünyanın diqqət mərkəzindədir.

Heydər  Əliyev elmə, ədəbiyyata və mədəniyyətə daim diqqət göstərmişdir. Onun qayğısı sayəsində 1969-1982-ci illərdə elmin bütün sahələri, mədəniyyətimiz, incəsənətimiz daim inkişafda olmuşdur. Dahi sənətkarlarımız unudulmaz əsərlər ərsəyə gətirmişdirlər.

Bütün həyatını şüurlu şəkildə, istəyərək millətinə, xalqının rifahina, dövlətinin azadlığına və inkişafına həsr edən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə dünya azərbaycanlılarını bir araya topladı və onlara milli ruh aşıladı. Biz gənclərə Azərbaycanı əmanət etdi. Bu gün Ümummilli Liderin siyasətinin uğurlu davamçısı olan cənab İlham Əliyevin gənclərlə bir arada olması, onlara qarşı göstərdiyi diqqəttəqdirə layiqdir. Azərbaycanın oxumuş, savadlı gənclər ordusu Ümummilli Liderə minnətdardır. Nə qədər ki Azərbaycan və Azərbaycan xalqı var, Heydər Əliyev yaşayacaqdır.!

Misirxan Həsənov,

“Azərkitab” Kitab Mərkəzinin direktoru,
YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini