24 iyul 2019 12:58
963

Lionel Messi bir matç müddətinə diskvalifikasiya edilib

Argentina yığmasının kapitanı Lionel Messi öz komandasının növbəti matçında çıxış etməyəcək. Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) argentinalıların liderini bu Konfederasiyanın ünvanına xoşagəlməz sözlər dediyinə görə cəzalandırıb.

AZƏRTAC xəbər verir ki, Amerika Kuboku yarışlarında üçüncü yer uğrunda Argentina və Çili yığmaları arasında matçda Lionel Messi Çili yığmasının yarımmüdafiəçisi Qari Medel ilə dalaşıb. Hər iki futbolçu meydandan kənarlaşdırılıb. Oyundan sonra Argentina komandası bürünc medallarla təltif edilərkən Messi bu mərasimə qoşulmayıb və KONMEBOL-u korrupsiyaya qurşanmış təşkilat adlandırıb.

Argentina Futbol Federasiyasının rəhbərliyi Messiyə təkidlə tövsiyə edib ki, bu hərəkətinə görə üzr istəsin, lakin Lionel öz sözlərini geri götürməyib. KONMEBOL Messini 1500 dollar cərimə edib və bir beynəlxalq matç müddətinə diskvalifikasiya edib. Beləliklə, 2022-ci il dünya çempionatının birinci seçim matçında Argentina yığması öz liderinin iştirakı olmadan çıxış edəcək.