28 yanvar 2021 12:10
1118

London Beynəlxalq Arbitraj Məhkəməsi SOCAR-ın lehinə ikinci arbitral qərarını verib

2021-ci il yanvarın 26-da SOCAR və “Palmali” arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb. Qərar London Dəniz Arbitrləri Assosiasiyanın şərtləri altında SOCAR qrupunun lehinə verilib.

"İki sahil" SOCAR-a istinadən xəbər verir ki, məhkəmə işində təxminən 63 milyon ABŞ dolları məbləğində zərərin “Palmali” və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılıb. Qeyd edilən məbləğə həmçinin zərər məbləği, faizlər və hüquqi xərclər də daxildir. Bu məhkəmə işində də “Palmali”nin çoxmilyonlu qarşılıqlı iddiası bütünlüklə rədd edilib.

SOCAR və “Palmali” arasında əvvələr kommersiya münasibətləri mövcud olsa da, “Palmali”nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar. 2018-ci ildə “Palmali”nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırıblar. Bundan əvvəl keçirilmiş birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi “SOCAR Overseas” şirkətinə 49,5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar vermişdi. Beləliklə, üç məhkəmə işindən ikisi artıq SOCAR-a ümumilikdə təxminən 112,5 milyon ABŞ dolları məbləğində cərimənin ödənilməsi barədə qərarlarla nəticələnmişdir. Şirkətlər arasında üçüncü mübahisə də arbitraj prosesinin predmetidir. Artıq həmin proses də başa çatmışdır, arbitraj qərarı gözlənilir.