20 sentyabr 2019 21:00
1089

“Made in Azerbaijan” brendi dünyanı dolaşır

Azərbaycan ərazisindən ipək yolları keçən, xarici ticarətdə önəmli mövqe tutan ölkə olmaqla bu gün də regional və beynəlxalq biznes üçün geniş strateji imkanlara malikdir. Belə ki, ölkəmiz hazırda  dünyanın 50 faiz istehlakçısını əhatə edən 50 ölkəyə məhsul  ixrac edir. Eyni zamanda, Azərbaycan 270 milyon istehlakçısı və 1.6 trilyon ÜDM-lik MDB və Gürcüstan bazarlarına sərbəst daxil olan, İran, İraq, Əfqanıstan kimi bazarlara nadir daxil olma imkanı yaranan dövlətdir. Həmçinin ərazisindən Şərq-Qərb, Cənub-Şimal və Cənub-Qərb tranzit yolları keçən əhəmiyyətli tranzit mərkəzidir.

Xatırladaq ki, Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşlərinin əsas mövzusu iki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlığın daha genişləndirilməsidir. Bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. 2018-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollardan çox olub. Rusiyanın isə ölkəmizə kapital qoyuluşu 1,6 milyard dollar təşkil edib.

Ümumiyyətlə, ötən il meyvə-tərəvəz ixracı 500 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 95 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 90 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 65 milyon, pambıq lifi 50 milyon, kimya sənayesi məhsullarının ixracı 70 milyon, pambıq ipliyi ixracı 16 milyon dollar təşkil edib.

Ölkəmiz Çindən Avropaya 70 faiz vaxta qənaətlə səyahət, Hindistandan Avropaya 60 faiz vaxta qənaətlə səyahət edən tranzit xətlərə sahibdir. Bu gün ölkəmizin 5 beynəlxalq hava limanı, Bakı-Tbilisi-Qars dəmir yolu (Dəmir İpək Yolu), 10- 11,5 milyon ton karqo qəbul edən Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı mövcuddur ki, gələcəkdə onun bu iş qabiliyyətinin 21-25 milyon tona qədər artırılması nəzərdə tutulur.

Məhz bütün bu əlverişli çoğrafi və iqtisadi mühitdən səmərəli istifadə etməyi qarşısına məqsəd qoyan Azərbaycan dövləti ölkədə istehsal olunan qeyri-neft sektorunun məhsullarını  “Made in Azerbaijan” brendi adı ilə ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılmasına geniş dəstək verir. Bu məqsədlə 10 fərqli dəstək mexanizmi işlənib hazırlanıb. Həmin dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına ödənilir.

2018-ci ilin iyun ayının 5-də Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı IV biznes forumunda qeyd edilib ki, bu gün Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2018-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 9,4 milyard dollar təşkil edib. 2019-cu ilin ilk yarısında isə bu göstərici daha da artıb. Hazırda Azərbaycanda Aİ ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir. İttifaqın bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyətdədir. 

Azərbaycan Aİ-yə üzv olan əksər ölkələrlə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, Aİ ilə Azərbaycan arasında gələcək razılaşma strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edilir. Eyni zamanda, Aİ ölkələrinin  Azərbaycanla strateji tərəfdaşlığının güclənməsi ölkəmizdə istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni və zəngin  bazar deməkdir.

Elçin Zaman, “İki sahil”