07 fevral 2019 11:00
6520

Magistr təhsilin xüsusiyyətləri

Ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura ixtisaslaşma prosesində önəmli yer tutur. Əyani və qiyabi formasından asılı olaraq magistr təhsili minimum 2 il müddətində tədris olunur. Bəzən tələbələr sadəcə bakalavr təhsili almaqla kifayətlənirlər. Əksər tələbələr isə magistr təhsili üçün xarici ölkələri seçirlər. Bəs bütün bunlara səbəb nədir?

Təhsil üzrə ekspert Nadir İsrafilov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır: “Bakalavriat təhsili başa çatmış şəxslər ali təhsilli adlanır. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistr isə elmi fəaliyyət üçün hazırlıq pilləsi kimi qəbul olunur. Belə bir təsnifat bir çoxlarına bakalavriat təhsilinin yarımçıq, kollec, “köhnə dildə” desək, texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi, ali təhsili bitirənlər kimi yanaşmağa əsas verib.”

Həmsöhbətimiz gənclərin əksəriyyətinin elmə böyük maraq göstərməməsindən şikayətləndi: “Bu gün elm sahəsində çalışanların əksəriyyəti, yaslı nəslin nümayəndələridir. 30-32 yaşında olan bir şəxs demək olar ki, elmə maraq göstərmir. Hesab edirəm ki, gənclərin elmə maraq göstərməsi üçün stimullasdırıcı tədbirlər görmək lazımdır. Hazırda bəzi statistikalara görə, Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 mindən artıq, magistratura səviyyəsində 13 mindən artıq, orta ixtisas təhsili müəssisələrində 51 mindən artıq tələbə təhsil alır.”

Nadir İsrafilov onu da əlavə etdi ki, yaranmış bu vəziyyətlə əlaqədar bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub: “Dövlət tərəfindən magistratura təhsilinə təşviq üçün müvafiq addımlar atılır. Magistrantlara hərbi xidmətdən möhlət hüququ verilir. Bununla belə magistraturaya sənəd verənlərin sayını tənzimləmək üçün tələb-təklif prinsipi ciddi şəkildə gözlənilməlidir. Bu dərəcəni alan şəxslərin işlə təminatına xüsusi diqqət yetirilməlidir. Magistr imtahanlarıı ayrı-ayrı universitetlərin planını doldurmaq xətrinə keçirməməlidir.

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirdi ki, ölkəmizdə tələbələrin magistr təhsili almaları üçün uğurlu addımlar atılıb: “Bir çox universitetlərdə magistatura dərslərinin axşam saatlarında təşkil olunması əmək fəaliyyəti ilə məşgul olmaq istəyənlərə dəstəkdir. Tələbələr magistr təhsili aldıqları ixtisasa uyğun iş taparlarsa, bu, onların akademik təhsilinin praktikada tətbiqinə imkan verər. Bundan əlavə, magistr tələbələri mütləq kompyuter texnologiyaları və xarici dilləri də mükəmməl öyrənməlidirlər.”

Ekspert onu da bildirdi ki, təhsil və təcrübə baxımdan xarici universitetlər daha üstündür. Lakin bunu bütün sahələrə aid etmək olmaz: “Neft-qaz sənayesi ilə bərabər bir neçə sahə var ki, Azərbaycan universitetləri kifayət qədər yüksək reytinqə və təcrübəyə malikdir. Türkiyə universitetləri də azərbaycanlıların ən çox istiqamət aldığı ölkələrdəndir. Lakin Türkiyədə elə ixtisaslar var ki, bu ixtisaslar azərbaycanlılar üçün o qədər də maraqlı deyil, amma o ixtisaslar bir neçə ildən sonra dünya əmək bazarında ən əhəmiyyətli ixtisaslar olacaq. Kompyuter elmi, dəqiq elmlərin mühəndisliyi, müəyyən neft-qaz sahəsinə aid olan xüsusi ixtisaslar dövlət üçün daha maraqlı ola bilər. Çünki bu ixtisaslara Azərbaycanda güclü ehtiyac var. Hesab edirəm ki, xarici ölkələrdə magistr təhsili almaq istəyənlər bu ixtisaslara daha çox üstünlük verməlidirlər. Xaricdə magistr təhsili almaq bakalavrlara tamamilə xarici dil mühiti ilə əhatə olunmaq imkanı yaradacaqdır. Qeyd edim ki, yeni bir dil öyrənməyin ən effektiv üsulu məhz həmin dilin danışıldığı ölkədə yaşamaqdır. Həm gündəlik həyatlarında, həm də universitetdə dil bacarıqlarını təkmilləşdirə bilər və beləliklə də akademik təcrübə ilə yanaşı danışıq dilini də mükəmməl öyrənə bilərlər.”

“İki sahil” olaraq gənclərimizin də magistr təhsili, onun əhəmiyyəti və vacibliyi ilə bağlı fikirlərini öyrəndik:

Bakı Dövlət Universitetinin magistrantı Nurlan Salamovun fikrincə, magistratura təhsili elmi fəaliyyətlə məşğul olmaq üçün ən əsas şərtdir: “Magistratura təhsili almaq elmi potensialı, tədqiqatçılıq qabiliyyəti olanlar tərəfindən seçilməlidir, yoxsa diplom almaq, vaxt keçirmək, xüsusilə qızlar üçün evdə darıxmamaq və ya ərə getməmək üçün son çarə olaraq magistratura düşünülməməlidir.”

Bakı Dövlət Universitetinin magistrantı Firuzə Hüseynova isə magistr təhsilini gənclər üçün çox vacib hesab edir: “Magistrant artıq müəllim kimi düşünməyə başlayır. Pedaqogika, sosial psixologiya, sosial və siyasi fəlsəfə kimi qeyri-ixtisas fənləri dünya görüşünün növbəti səviyyəyə çıxarılmasına yardım edir. İxtisas fənləri isə magistr təhsilində seçilən istiqamətə yönəlik olur, konkret sahədəki biliklərə üstünlük verilir.”

“Yeni Sabah” saytının əməkdaşı Əsmər Qabil magistr təhsilinin gələcəyi üçün zəruri hesab etmir: “Bəzi tələbələr bakalavr təhsilindən sonra ikinci diplom almaq, digərləri isə biliklərini artırmaq məqsədilə magistratura təhsili almağa qərar verirlər. Mənim üçün birinci əsas şərt deyil. İkinciyə gəldikdə isə əvvəldən istəyim xaricdə təhsil almaqdır.”

Azərbaycan Dillər Universitetinin tələbəsi Sadiq Nağızadə magistr təhsilini Azərbaycanda almaq istədiyini bildirdi: “Mən Azərbaycanda təhsil almağı üstün tuturam. Öz ixtisasıma görə. Mənim ixtisasım üçün ölkəmizdə yetərli təhsil şəraiti var. Fəqət elə bir ixtisas ola bilər ki, onun magistratura mərhələsini Azərbaycanda yox, hansısa xarici inkişaf etmiş ölkənin universitetlərindən birində oxumaqla daha çox şey əldə etmək olar. Ümumi fikrim isə ondan ibarətdir ki, Azərbaycan universitetlərində çoxlu ixtisas həm bakalavr, həm də magistr səviyyəsində yaxşı tədris olunur.”

Yaqut Ağaşahqızı, “İki sahil”