31 yanvar 2019 13:23
145

Malayziyanın XVI Kralının andiçmə mərasimi olub

Yanvarın 31-də Malayziyanın XVI Kralı Sultan Abdullah Əhməd Şahın andiçmə mərasimi olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Pahang əyalətinin başçısı olmuş yeni kralın andiçmə mərasimi Kuala-Lumpurdakı Milli sarayda təşkil olunub. Ölkənin Baş naziri Mahathir Mohamad, nazirlər və yüzlərlə qonaq milli televiziyada canlı yayımlanan bu möhtəşəm tədbirdə iştirak ediblər.

Malayziyada kral ailəsinin əyalət başçıları olan doqquz üzvünün səsi ilə seçilən 59 yaşlı Sultan Abdullah Əhməd Şah beş il müddətində bu vəzifədə qalacaq. Bundan əvvəlki monarx Sultan Məhəmməd rusiyalı gözəl Oksana Voyevodina ilə evləndikdən sonra taxt-tacdan imtina etmişdi.

Konstitusiyalı monarxiya üsul-idarəsi olan Malayziyada kral rəmzi dövlət başçısıdır. Ölkənin idarəçiliyi ilə bağlı məsələləri Baş nazir həll edir.