06 iyul 2020 14:55
875

Masallıda 60 ton quru tütün yarpağının istehsalı nəzərdə tutulub

Respublikamızda dövlət tərəfindən  kənd təsərrüfatına  göstərilən qayğı, yaradılan şərait  Masallı rayonunda  torpağı əsl sahibinə qaytarıb.  İndi rayonda torpağın hər qarışından səmərəli istifadə etməklə, müxtəlif növ  kənd  təsərrüfatı məhsulları əkib-becərməklə  özünə  firavan gün-güzəran  quranlar çoxdur.

Rayonun torpaqları o qədər bərəkətlidir ki,  burada hər əkilən  artıqlaması ilə bəhrəsini verir. Elə son illər  zəhmət adamları arasında tütünçülüyə  maraq da  bu səbəbdən irəli gəlir. Dövlətin qayğısı da öz yerində. Bu sahədə əldə edilən  ürəkaçan  göstəricilər ilbəil yüksəlir. Ötən il rayonda 35 hektarda  tütün əkən Masallı sakinləri yaxşı qazanc əldə ediblər. İstehsal etdikləri 57, 2 ton quru yarpağın keyfiyyəti məhsulu qəbul edənləri razı salıb.

Tütünçülər cari ilin  bol və keyfiyyətli məhsulu üçün ilk gündən etibarlı təməl qoyublar.  50 hektar sahədə tütün plantasiyası salınıb.  Plantasiyalarda əkilən  tütünün  çox hissəsini  “İmunium”  növü təşkil edir.  Bu növ ətirli olmaqla bərabər, qiymətdə də üstündür.  Becərilmə işləri  yüksək aqrotexnika səviyyədə görüldüyü üçün nizamla cərgələnən  kolların  üstü  yarpaqla doludur. Odur ki, tütünçülər yarpaq yığımına əvvəlki illərdən  daha  mütəşəkkil başlayıblar.  Bunu ilk günlərin uğurlu  nəticələri də təsdiq edir. Qısa müddətdə plantasiyalardan 7 tondan çox keyfiyyətli   yarpaq dərilib. Mövsümün axırına kimi rayonda 60 ton quru tütün yarpağının istehsalı  nəzərdə tutulub. Plantasiyalarda isə  bu rəqəmdən artıq məhsul gözlənilir.   

 

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü