01 dekabr 2020 19:26
1279

Masallıda çay əkininə başlanılıb

Bir neçə gündür Masallı rayonunda çay əkininə başlanılıb.

"İki sahil"in məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qısa müddətdə rayonun Tüklə kəndi ərazisində 4 hektardan çox sahəyə Lənkəran rayonundan gətirilmiş çay şitilləri köçürülüb. Kəndin ərazisində 10 hektar sahədə çay əkininin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çay əkini ilə tanış olub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev və fermer Seyran Nəcəfov ərazidə ilk dəfə 8 hektar sahədə çay əkilməsi barədə rayon rəhbərinə məlumat veriblər.

Ş.Məmmədov yeni salınmış çay plantasiyasına, əkilən sahələrə baxış keçirərək fermerlərə tövsiyə və tapşırıqlarını verib, çay bitkisinin rentabelli olduğunu bildirib. O, çaybecərənlərə qoşularaq torpağa bir neçə şitili köçürüb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Böyük Qələbə münasibətilə çaybecərənləri təbrik edən rayon rəhbəri, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə düşmən tapdağında olan torpaqlarımızın 44 ərzində azad olunduğunu vurğulayan icra başçısı bildirib ki, biz arxa cəbhədə öz əməyimizlə bolluq yaratmalı, rentabelli kənd təsərrüfatı sahələrinə, xüsusilə çoxillik çay bitkisinin inkişafına diqqəti artırmalıyıq.

O, həmçinin koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimin qaydalarına riayət olunmasının vacibliyini diqqətə çatdıraraq çaybecərənlərin problemləri ilə maraqlanıb, əkin zamanı bütün aqrotexniki qaydalara əməl etməyi, çaybecərənlərdən ara məsafəsi gözləməyi, koronavirus infeksiyası ilə vaxtaşırı mübarizə aparmağı tövsiyə edib: “Bu gün hər bir vətəndaş bilməlidir ki, ölkəmizdə koronovirus pandemiyası ilə əlaqədar aparılan mübarizə tədbirləri bizim sağlamlığımızın qorunmasına, əhalinin, bütövlükdə ölkəmizin təhlükəsizliyinə xidmət edir”.