10 iyun 2019 13:25
179

Mbappe PSJ-dən “Real”a keçməyə hazırdır

Fransanın “Pari Sen-Jermen” futbol komandasının hücumçusu Kilian Mbappe İspaniyanın “Real” klubuna keçmək istəyir.

“Qazeta.ru” saytının İspaniyada çıxan ABC qəzetinə istinadla verdiyi məlumata görə, Mbappenin indiki komandada vəziyyəti onun xoşuna gəlmir. Fransız idmançı hesab edir ki, onun rolu hücumçu Neymarın rolundan heç də az deyil. Bu səbəbdən Mbappe də braziliyalı qədər, yəni ildə 36 milyon avro məvacib almaq istəyir.

AZƏRTAC xəbər verir ki, ehtimal edilən transferin məbləği təqribən 230 milyon avro olacaq. Hazırda transfer rekordu PSJ-yə məxsusdur. Bu komanda Neymarı “Barselona”dan almaq üçün 222 milyon avro ödəyib. Mbappenin “Monako”dan PSJ-yə transferi isə təqribən 180 milyon avroya başa gəlib.

Ötən mövsümdə Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 43 matçda oynayıb, 39 qol vurub və 17 səmərəli ötürmə edib. 2018-ci ilin dünya çempionu olan bu hücumçu PSJ-nin heyətində iki dəfə (2017/18, 2018/19) Fransa çempionu, Fransa Liqası Kubokunun (2017/18) və Fransa Kubokunun sahibi (2017/18) olub. Bundan əlavə, Mbappe “Monako”nun heyətində ölkə çempionu olub (2016/17).