27 noyabr 2020 22:08
815

MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyanın videokonfrans formatında iclasları keçirilib

Noyabrın 26-da MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyanın videokonfrans formatında iclasları keçirilib. Milli Məclisin deputatları Rüfət Quliyev və Tamam Cəfərova üzvü olduqları daimi komissiyanın iclaslarında fəal iştirak ediblər.

"İki sahil" xəbər verir ki, komissiyanın iclasında təşkilati məsələlərə baxılıb, komissiyaların yeni sədri, müavini və katibi seçilib. Gündəliyin müzakirəsi zamanı daimi komissiyanın 2019-cu ildə gördükləri işlər təhlil edilib, icraatlarında olan məsələlərə nəzər salınıb və növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyanın gündəliyi 13 məsələdən ibarət olub. İclasda öncə təşkilati məsələyə baxılıb, Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyanın sədr müavini seçilib.

Sonra “İnformasiya-kommunikasiya texnologiyaları sahəsində pozuntuların qarşısının alınması haqqında” model qanun layihəsinin hazırlanması barədə məruzələr dinlənilib. Fikir mübadiləsi zamanı rəy və təkliflər irəli sürülüb.

Komissiya üzvləri MDB-yə üzv dövlətlərin rəqəmsal inkişaf sahəsində əməkdaşlığına dair Tövsiyələr layihəsinə də münasibət bildiriblər.

Komissiyada MDB-yə üzv dövlətlər üçün model İnformasiya Məcəlləsinin, həmçinin model Əqli Mülkiyyət Məcəlləsinin yeni redaksiyada layihələrinin hazırlanmasına xüsusi diqqət yetirilib.

İclasda “Kinematoqrafiyaya dövlət dəstəyi haqqında”, eləcə də “Teatr və teatr fəaliyyəti haqqında” model qanunların yeni redaksiyada layihələrinin hazırlanması ətraflı müzakirə olunub. MDB məkanında elektron formada çap olunmuş nəşrin zəruri nüsxəsinin verilməsi məsələsində vahid yanaşmanın tətbiqi barədə Tövsiyə layihəsinə və digər məsələlərə baxılıb.