31 yanvar 2019 11:32
1763

Məcburi köçkünlərə 5000-dən çox yeni mənzil veriləcək

Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində 1 milyon nəfərdən artıq soydaşımız 27 ildən çoxdur ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ömür boyu qazandığı varidatından və rahat həyat şəraitindən məhrum olan soydaşlarımız bu müddətdə daim dövlət qayğısı ilə əhatə olunublar. Onlara dövlət və humanitar təşkilatlar tərəfindən yemək, paltar, yanacaq, pul və digər lazımi avadanlıqlar mütəmadi olaraq verilib. Rayonlarda məskunlaşan ailələrə əkib-becərmək üçün torpaq sahələri ayrılıb. Ancaq bütün bunlara baxmayaraq ilk illərdə onların həyatı heç də asan keçməyib. Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə  xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gələndən sonra qaçqınların və məcburi köçkünlərin həyat tərzi xeyli yaxşılaşdırıldı. Ölkənin müxtəlif rayonlarında çadır şəhərcikləri ləğv olunmağa, əvəzində hər cür şəraiti və həyətyanı torpaq sahəsi olan evlərin tikintisinə başlandı.

İndi Biləsuvarda, Ağcabədidə, Tərtərdə, Goranboyda, Bərdədə, İmişlidə, Yevlaxda, Gəncədə və başqa şəhər və rayonlarda planlı şəkildə tikilmiş müasir şəhərciklər və qəsəbələr məcburi köçkün ailələrinin istifadəsindədir. Qeyd etmək lazımdır ki, həmin şəhərciklərin hamısında müasir infrastruktur yaradılıb. Bu ərazilər asfaltlaşdırılıb, yaşıllıqlar salınıb, hər birinə ayrıca marşrut avtobusları işləyir. Məktəblər, körpələr evi-uşaq bağçaları, poçt, rabitə, mədəniyyət, iaşə, texniki və  məişət xidmətləri obyektləri onların istifadəsinə verilib.

Bu zümrədən olan əhali demək olar ki, hər il təzə şəhərciklərə köçürülürlər. Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkün ailələrinə diqqət və qayğını dövlətin prioritet vəzifələrindən biri kimi müəyyənləşdirib.  Bu məsələni daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da məcburi köçkünlər üçün yaradılan şərait barədə danışıb: “Mən giriş sözümdə qeyd etdiyim kimi, məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcəkdir. Bu il 5800 ailəyə yeni mənzil verildi. Onu da qeyd etməliyəm ki, bu mənzillərdən 1000-i “Qobu park” yaşayış kompleksində özəl şirkət tərəfindən inşa edilmiş və məcburi köçkünlərə təmənnasız verilmişdir. Bu, çox müsbət təşəbbüsdür, mən bunu çox alqışlayıram. Bizim böyük biznes qurumlarımız sosial sahələrdə də fəal olmalıdırlar. Elə birinci təcrübə çox təqdirəlayiqdir. Bildiyimə görə bu proses bu il də davam etdiriləcək.”

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bildirib ki, bu günə qədər 300 min məcburi köçkün yeni salınmış qəsəbə və şəhərciklərdə mənzillə təmin edilib. Bu il isə məcburi köçkünlərə nəzərdə tutulan 5000-dən daha çox mənzil verilməsinə nail olmaq qarşıya başlıca məqsəd kimi qoyulub. Təbii ki, bu, asan məsələ deyil, çünki külli miqdarda vəsait tələb olunur. Ancaq xarüqələr yaradan Azərbaycanda bu məqsədin reallaşması elə də çətin olmayacaq. Təşəbbüs və əzmkarlıq bu işin də öhdəsindən gəlməyə imkan yaradacaq. Sözügedən iclasda dövlətimizin başçısının bu barədə qətiyyətlə bildirdiyi fikirlər belə düşünməyə əsas verir.

Vəli İlyasov, “İki sahil”