07 yanvar 2021 18:03
1056

Mədəni irsimiz milli təfəkkürümüzü zənginləşdirir

Şuşanın mədəniyyət paytaxtı elan olunması milli- mənəvi dəyərlərimizə sadiqlikdir

İkinci Qarabağ döyüşlərindən sonra terrorçu, rəzil, müstəmləkə, forpost Ermənistanın adına əlavə olunan «məğlub edilmiş ölkə» sözü bu cinayətkar rejimə vurulan tarixi damğa oldu. Siyasi, iqtisadi, hərbi cəhətdən başqalarından asılı olan, generalları tuşonka satan, qorxaqları «qəhrəmanlaşdıran», ziyanlı ideologiya ilə xalqının şüurunu zəhərləyən işğalçı Ermənistanın korrupsioner, cinayətkar rejimi çıxılmaz vəziyyətdədir. İllərdən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə və danışıqlarda «Arxalı köpək qurd basar» misalına bənzər özünü qalib kimi göstərməyə çalışan Ermənistanın düşdüyü rəzil vəziyyət bu toplumun düçar olduğu tarixi rüsvayçılığının təkrarıdır. İşğalçı ölkənin hərb meydanında, siyasi müstəvidə, diplomatiyadakı məğlubiyyəti Ermənistan rəhbərliyində təmsil olunan xəyalpərvərlərin «Azərbaycanın işğal edilmiş ərazilərini nəinki qaytarılmayacağı, əksinə yeni ərazilərin ələ keçiriləcəyi» barədəki bəyanatları özlərinə qənim oldu. Azərbaycan əsgəri işğalçıların «Yeni müharibə-yeni ərazilər” tezisi ilə bağlı planlarını pozdu. Son 30 ildə başına sığal çəkilən, ərköyün Ermənistanın cəzasızlıqdan kənarda qalması, ermənipərəst dairələrin dəstəyi ilə beynəlxalq qanunların pozulması, obyektivlik meyarlarının ikili standartların kölgəsində qalması, sülh danışıqlarını əngəlləmək cəhdləri, təcavüzkarın imkanlarından artıq iddialar irəli sürməsi münaqişənin həllini yubatmaqla vəziyyəti mürəkkəbləşdirirdi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, reallıq hissini itirmiş Ermənistan rəhbərliyinin, erməni millətçilərinin faşist ideologiyasına göz yuman, Azərbaycan torpaqlarının işğalını təbii qəbul edən bəzi dairələrin susqunluğu İkinci Qarabağ döyüşlərinin başlamasına səbəb oldu. Ermənistanın Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata layiqli cavab verən Milli Ordumuzun xəbərdarlığından dərs almayan mənfur düşmən niyyətindən əl çəkmədi. Sentyabrın 27-də yenidən hərbi təxribat törədən Ermənistan Azərbaycanın sarsılmaz iradəsi ilə qarşılaşdı. «Cəmi ay yarım davam edən əks-hücum əməliyyatları nəticəsində Ermənistana, faşist mahiyyətli dünya erməniliyinə və onların havadarlarına elə bir dərs verildi ki, bölgədə tamamilə yeni bir reallıq yarandı. 30 il ərzində davam edən işğala susqunluqla yanaşan çox böyük qüvvələr Azərbaycan xalqının iradəsi qarşısında diz sökməyə məcbur oldu və bu qüvvələrin heç yuxularında belə təsəvvür edə bilməyəcəkləri bir tarirxi mənzərə ortaya çıxdı» söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, Azərbaycan Ordusu müharibənin ilk günlərindən bizə şərt qoymaq istəyən, hədələməyə, şərləməyə çalışan Qərb ölkələrini yaranan reallıqla barışmağa məcbur etdi.

Vətən müharibəsi Azərbaycan Ordusunun məharətini, qüdrətini, hərb tarixində istisna hal kimi dəyərləndirilən döyüş təcrübəsini göstərməklə, erməni faşizminin, vəhşiliyinin tarixdə görünməmiş qəddarlığının, onları məzlum xalq adlandıraraq müdafiə edənlərin ikili siyasətinin əsl mahiyyətini ifşa etdi. İşğaldan azad olunmuş ərazilərdə olan, düşmənin döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəyə, Bərdəyə, Tərtərə, Qəbələyə atdıqları ballistik raket və kasetli bombaların yaratdığı mənzərədən dəhşətə gələrək dağıntıları «İkinci Xirosima» adlandıran diplomatik korpusun nümayəndələri «İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq» deyən Prezident İlham Əliyevin söylədiklərinin canlı şahidi oldular.

Azərbaycan torpaqlarını zəbt edən Ermənistanın işğal altında saxladığı ərazilərimizdə terrorun bütün əlamətləri görünür. Mülki əhalinin qətlə yetirilməsi, tarixi abidələrimizin, məscidlərimizin dağıdılması, meşələrimizin qırılması, su mənbələrinin qurudulması, çayların məcrasının dəyişdirilməsi, yeraltı, yerüstü sərvətlərimizin talan edilməsi, evlərin yandırılması, qanunsuz miqrasiya… Bunların hər biri özlüyündə təbiətə vurulan ekoloji terrordur. Bu vəziyyəti görən, ancaq narahat olmayan dairələrin Azərbaycana kilsələrin qorunması ilə bağlı ultimatumlarına «Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağıdılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa… Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə güzgüyə baxsın» sözləri ilə cavab verən Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən görüləcək işlər barədə ətraflı danışıb.

Bütün dinlərə hörmətlə yanaşılan ölkəmizdə xristian dininə mənsub olan abidələr, Alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi kimi tarixi abidələr də qorunub saxlanılıb. Ermənilərin özəlləşdirdikləri işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udinlərə qaytarılıb. Qafqaz Albaniyasına aid olan Nic qəsəbəsindəki kilsənin açılması da əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavabdır. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunur. Amma genlərində insani keyfiyyətlər olmayan ermənilər hansı millətə mənsubluğundan asılı olmayaraq dini abidələri ya dağıdır, yaxud erməniləşdirir. İşğaldan azad edilmiş torpaqlarda bütün evlərin dağıdıldığını bir daha diqqətə çatdıran Prezident İlham Əliyevin « Amma bəzi tikililər var, bəzi evlər var ki, orada ermənilər yaşayıb. Adam baxanda məəttəl qalır ki, orada insanlar necə yaşayıblar? Elə bil ki, it damıdır. Ermənistan rejimi bu adamları faktiki olaraq belə səfalət içində, belə yoxsulluq içində girov kimi saxlayaraq məcbur edirdi ki, orada yaşasınlar» sözləri erməni faşizminin mahiyyətini göstərdi.

Görüləcək işləri diqqətə çatdıran dövlət başçımız tövsiyələrini və tapşırıqlarını da bildirdi: Nazirlik yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişini aparmalı, işində nöqsanlara yol verən insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Eyni zamanda, Azərbaycan mədəniyyəti dünyada təbliğ edilməli, musiqi festivalları keçirilməli, əcdadlarımızdan indiki nəslə yadigar qalan varlığımızı təsdiqləyən tarixi abidələr bərpa olunmalıdır.

«Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır.» Şuşa azad olunanda xalqımızın mədəniyyət beşiyi olan bu şəhərin dirçəldiləcəyini bildirən Prezident İlham Əliyevin tövsiyələrini reallaşdıran ilk addımlar atılır. Ənənəvi olaraq Şuşada keçirilən Vaqif poeziya günlərinin, «Xarı bülbül» festivalının bərpası Azərbaycanın mədəniyyət beşiyinin əvvəlki şöhrətini özünə qaytaracaq. «Mədəniyyət yoldan başlanır» kəlamının hikməti də unudulmur. Füzulidən Şuşaya çəkilən yol torpaqlarımızda mədəni soyqırım törədən ermənilərin vurduğu yaraları sağaldacaq. Musiqimizi oğurlayan, şəhərlərimizin adlarını dəyişdirənlərin illərdən bəri həsrətində olduqları Füzulidə beynəlxalq aeroportun tikilməsi ilə bağlı dövlət başçımızın göstərişi mədəni irsimizi dünyada tanıtmaqla, turizmin inkişafını sürətləndirəcək. Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi əhəmiyyətli olduğu kimi, Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi baxımından daha əhəmiyyətli olacaq.

Uzun illər Azərbaycanı UNESCO-da təmsil edən Anar Kərimovun mədəniyyət naziri kimi qurumla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə yeni töhfələr verəcəyi də şəksizdir. UNESCO-da Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələr haqqında kifayət qədər geniş məlumat olsa da, 30 il ərzində bu qurum ermənilərin işğalı altında qalan torpaqlarımızda törədilən vəhşiliklərə münasibət bildirməyib. «Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur.»

Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə dəqiq, hədəfə istiqamətlənmiş açıqlamaları ilə çatdıran Prezident İlham Əliyevin cəsarətli cavabları ölkəmizin informasiya müharibəsində qalib olduğunu təsdiqlədi. İndi Qarabağ bölgəsi quruculuq meydanına dönüb. Ən vacib , təxirəsalınmaz işlərin sürətləndirilməsi tam əminlik yaradır ki, illərdən bəri işğal altında qalan torpaqlarımıza yol çəkən gözlərimizin ünvanı dəyişilib. İnsanlar onları doğma ocaqlarına qovuşduracaq yeni çəkilən yollara ümidlə baxır, yad nəfəslərdən xarlanmış Xarı bülbülü dirçəltməyə, doğmaları üçün qəribsəyən Vaqifin ruhunu təzələməyə tələsirlər. Erməni vəhşilərinin güllələdiyi Üzeyirin, Natəvanın, Bülbülün abidələri əbədi yerlərində rahatlıq tapacaqlar. Dünya sivilizasiyasına böyük şəxsiyyətlər bəxş edən Azərbaycan xalqı birlik və həmrəyliyi ilə mədəni irsimizi daha da zənginləşdirəcək.

Xuraman İsmayılqızı, «İki sahil»