08 iyul 2019 20:25
310

Mədəni irsimizin daha bir nümunəsi dünya xəzinəsində

Bir neçə gündür ki, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Bu, hər şeydən əvvəl, gündən-günə inkişaf edən paytaxtımızın bütün beynəlxalq təşkilatların mötəbər tədbirlərinə ev sahibliyi etməsinin növbəti təzahürüdür. Digər tərəfdən, mühüm beynəlxalq əhəmiyyətə malik belə bir tədbirin Bakıda keçirilməsi ölkəmizlə UNESKO arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bu faktı həm də Azərbaycanın dünya irsi nümunələrinin qorunması məsələsində xidmətlərinin beynəlxalq miqyasda etirafının və yüksək qiymətləndirilməsinin sübutu kimi də xarakterizə etmək olar.

Böyük uğur

İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycan “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyasında bu mötəbər qurumun Ümumdünya İrs Siyahısına daxil edilib. Bununla da qədim, həm də unikal abidələrlə zəngin Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub və dünya xəzinəsində öz layiqli yerini tutub. Bəri başdan deyək ki, Şəki ilə bağlı tarixi qərarın Ümumdünya İrs Komitəsinin ölkəmizdə keçirilən sessiyasında qəbul olunması xüsusi məmnunluq doğurur.

Şübhəsiz, bu, tarixi irsimizin dünyada tanıdılması istiqamətində böyük uğurdur. Həm də mühüm bir tarixi hadisədir. Prezident İlham Əliyevin bu münasibətlə Azərbaycan xalqına təbrikində bildirdiyi kimi, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri artıq təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur. Bu isə o deməkdir ki, bu abidənin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi həm də onun qorunmasına əlavə təminatdır.

Qeyd edək ki, Şəkinin şimal-qərb hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşən  Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. Özündə xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan bina Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də Şərqin memarlıq incilərindəndir. Bu sarayın əsas xüsusiyyəti isə arxitekturasının unikallığındadır. Araşdırmalara görə, bu ikimərtəbəli binanın inşasında mismardan istifadə edilməyib.

UNESKO-nun humanist dəyərlərinin bayraqdarı

Yeri gəlmişkən, həm ölkə başçısı İlham Əliyev, həm də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, eləcə də mədəniyyət naziri Əbülfəs Qarayev bu münasibətlə xalqımızı təbrik ediblər. Dövlət başçısı İlham Əliyevin təbrik məktubunda deyilir: “Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır”. Mehriban xanım Əliyeva isə bu uğuru belə dəyərləndirib: “Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib... Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm!” Mədəniyyət naziri Əbülfəs Qarayev isə bu mühüm hadisəni belə qiymətləndirib: “Bu, xalqımızın tarixində və özünüdərkində fövqəladə hadisədir”.

Təbrik məktublarında, həmçinin  qeyd olunub ki, son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilib. Tarixi abidələrimizlə yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bütün bu işlərdə xeyirxahlığına, yüksək bacarığına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın danılmaz xidmətləri vardır. Bu mənada Birinci vitse-prezidentin UNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarı adlandırılması da təsadüfi deyil.

Bu sahədə görüləcək işlər hələ də çoxdur

Bir daha vurğulayaq ki, Şəki şəhərinin tarixi mərkəzinin və Şəki Xan sarayının Ümumdünya İrs Siyahısına salınması Azərbaycanın UNESKO-da ardıcıl fəaliyyətinin, eləcə də ölkəmizin bu məsələyə xüsusi diqqətinin nəticəsidir. Bu uğur ölkəmizin illərdən bəri həm ölkəmizin daxilində, həm də onun hüdudlarından kənarda dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin davamıdır. Şübhəsiz, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi xarici turistlərin həmin bölgəyə cəlb edilməsinə də öz töhfəsini verəcək.

Mütəxəssislərin fikrincə, ölkəmizdə beynəlxalq miqyasda tanınmasını gözləyən hələ çox mədəni irs obyektləri (Atəşgah, Naxçıvandakı türbələr, Xəzər sahilindəki tarixi istehkamlar və s.) vardır. Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl iş sayəsində ölkəmizin mədəni irs nümunələrinin UNESKO siyahısında sayı bundan sonra da artacaq. Hər halda bu sessiyadan sonra daha bir neçə məkanımızın siyahıya salınması prosesinin sürətlənəcəyi şübhəsizdir.

Təəssüflə qeyd edək ki, bu gün erməni daşnakları tərəfindən yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bildirdiyi kimi, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu məsələdə mühüm rol oynamalıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”