27 yanvar 2021 18:12
1158

Mədəni irsin məhv edilməsi insanlığa qəsddir

Arxeoloji və memarlıq abidələrinin tədqiqi göstərir ki, bəşər sivilizasiyasının inkişafında Azərbaycan xalqının böyük xidmətləri olmuşdur. Hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Bu səbəbdən də maddi mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyətli işdir.

Təsadüfi deyildir ki, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini təkcə aid   olduğu ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir. 16 dekabr 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, 14 may 1954-cü il tarixli "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası, 19 dekabr 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və digər beynəlxalq sənədlər tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir. Azərbaycan dövləti  də mədəni abidələrin mühafizəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Tarix və mədəniyyət abidələrimiz göründüyü kimi,  beynəlxalq qanunlarla toxunulmazlıq statusuna malikdir. Çox təəssüf ki, xalqımıza məxsus maddi mədəniyyət nümunələrinin ermənilər tərəfindən sistematik olaraq dağıdılması prosesi hələ  ötən əsrin əvvəllərindən başlanmışdı. Qədim Azərbaycan şəhəri İrəvanda  və  Dağlıq Qarabağ ərazisində ermənilər  azərbaycanlılara məxsus yüzlərlə maddi və mədəni abidələrini dağıdaraq tarixin yaddaşından silmişlər.

Nə qədər böyük cinayət  olsa da beynəlxalq təşkilatlar tərəfindən bu abidələrin taleyinə laqeydlik göstərilmişdir. Halbuki dağıdılan o mədəni, tarixi,  dini  abidələr ilk növbədə  xalqımızın yaddaşının, müdrikliyinin daşıyıcısı olub. Məlumdur ki, hər bir mədəni abidə vətənə, yurda bağlılıq, sadiqlik hissləri aşılayır,  insanın  əcdadlarına,  keçmiş köklərinə olan məhəbbətini gücləndirir.

Mənfur qonşularımız  da  30  ilə  yaxın  işğal altında  saxladıqları  torpaqlarımızda maddi və mənəvi dəyərlərimizi yerlə-yeksan etməklə milli kimliyimizi unutmağımızı, mədəniyyətimizlə dərin bağları olan tarixi yaddaşımıza silinməz yaralar vurmağı  qarşılarına  məqsəd qoymuşdular.  Bu gün müzəffər ordumuzun  işğaldan azad  etdiyi   rayonlarımızda, Şuşa şəhərində Azərbaycanın tarixi abidələrinə erməni faşistlərinin  vəhşi  münasibəti  özünü  daha qabarıq şəkildə göstərir. Dövlət başçısı İlham Əliyev çıxışlarında Ermənistanın qəsb etdiyi  torpaqlarımızda müsəlman dini abidələrinə qarşı soyqırımı törətdiyini və erməni işğalçılarının məscidlərə qarşı təhqiramiz hərəkətlər etdiyini dəfələlə qeyd edib: "İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur."

Qarabağda  təkcə İslam mədəniyyətinə aid abidələrimiz deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları düşmənlər tərəfindən hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam,  Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Aparılan ilkin monitorinqlər zamanı 50 - dən  çox  tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsində Alban məbədinə (1170-ci il), Zəngilan rayonunun Əmirxanlı kəndində Qız qalasına (XII əsr), Məmmədbəyli kəndində Səkkizguşəli türbəyə (1304-1305-ci illər), Füzuli rayonunun Qarğabazar kəndində karvansaraya (XVII əsr) baxış keçirilmişdir. 30 -a  yaxın abidənin işğalçılar tərəfindən tamamilə dağıdıldığı və yalnız qalıqlarının olduğu aşkar edilib.

Təkcə  Şuşa  şəhərində  erməni vandalları  8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evini dağıtmış, viran etmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək eksponatı, Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), Azərbaycan vokal sənətinin əsasını qoymuş böyük müğənni BüIbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın mədəni irsinin daha dərin tədqiqi üçün imkan açılıb. Artıq Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə işlərə başlanılıb. Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələri həyata keçirməyə başlayır. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban  xanım Əliyevanın qeyd etdiyi  kimi, Qarabağ bölgəsi Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək, burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq: “Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!”

N.Muğanlı, “İki sahil”