24 may 2019 18:15
1230

Mədəni turizmdə klasterləşməyə dair “dəyirmi masa”

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş “dəyirmi masa”da sahibkarlar turizm sahəsində klasterləşmə, “KOB klaster” anlayışı, Vergi Məcəlləsində “KOB klaster”lər üçün nəzərdə tutulan vergi güzəştləri barədə məlumatlandırılıb. Turizm sahəsində çalışan sahibkarların və bu sektorda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin, eləcə də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir “Mədəni turizmdə klasterləşmənin səmərəliliyinin artırılması” mövzusuna həsr olunub.

“Dəyirmi masa”da mədəni turizm, turizm sahəsində klasterlərin yaradılması, klasterlərlə bağlı qanunvericilikdəki yeniliklər, mədəni turizmdə klasterləşmənin səmərəliliyinin yüksəldilməsi kimi məsələlər müzakirə edilib, sahibkarların müvafiq sahədə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə KOBİA-nın nümayəndələri tərəfindən məlumat verilib ki, “Kiçik və Orta Biznes klasteri” (“KOB klaster”) eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması, birgə fəaliyyət imkanlarına malik olan əməkdaşlıq modelidir. Vergi Məcəlləsində “KOB klaster”lər üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, “KOB klaster şirkəti” 7 il müddətində mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. “KOB klasterin iştirakçısı” isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad olunur.

Məlumat verilib ki, KOBİA “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib. Hazırda “KOB klaster şirkəti”nin meyarlarını müəyyən edəcək müvafiq sənəd və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” hazırlanır.