03 fevral 2021 12:20
1293

Media Platforması media və kommunikasiya sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığını gücləndirəcək- RƏY

Hər iki ölkə dövlət təhlükəsizliyini qoruduğu kimi, informasiya təhlükəsizliyini də qorumalıdır. Media sahəsində dövlətin və xalqın maraqlarına uyğun fəaliyyət göstərməlidir

 

Məlum olduğu kimi, Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi qəbul edilib. Bununla da Azərbaycanla Türkiyə arasında Birgə Media Platformasının yaradılması təsdiqlənib.

Xatırladaq ki, ötən ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirmək məqsədilə İstanbula səfər etmişdi. Səfər zamanı iki ölkə arasında ortaq media platformasının yaradılması barədə saziş imzalanmışdı.

Platformanın  məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması müxtəlif üsullarla həyata keçiriləcək. Türkiyə ilə Azərbaycan arasında media əlaqələrinin, ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün əhəmiyyəti inkaredilməzdir. Bu Platforma vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə də vahid strategiyalar müəyyənləşdiriləcək.  Qeyd edək ki, hər iki tərəfdən verilən açıqlamalarda yeni yaradılmış Media Platformasından böyük gözləntilərin olduğu aydın görünür. Xüsusən də, xarici media resurslarında və qlobal sosial şəbəkələrdə dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması platformanın əsas fəaliyyət istiqamətlərindən biri kimi qeyd edilir.

Bəs Azərbaycan-Türkiyə Birgə Media Platforması  nə vəd edir?

“Azərbaycan və Türkiyə arasında Birgə Media Platformasının yaradılması ilk və çox mühüm addımdır. Azərbaycan Respublikasının Milli Məclisində  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirə olunması hər iki ölkənin media sahəsində yeni strateji hədəflərinin müəyyənləşməsində böyük əhəmiyyətə malikdir. Bu gün biz bir millət, iki dövlət olaraq  bütün sahələrdə uğurlarımızı təmin edirik. Hər iki dövlətin maraqları həm geosiyasi, həm də strateji diplomatik maraqları üst-üstə düşür.”   

Bu fikirləri “İki sahil”ə açıqlamasında  Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, Əməkdar jurnalist Allahverdi Məmmədli söyləyib.

A. Məmmədli qeyd edib ki, Azərbaycan qardaş Türkiyənin mənəvi –siyasi dəstəyi ilə 44 günlük Vətən müharibəsində  düşməni döyüş meydanında məğlub etdi. Ancaq informasiya cəbhəsində döyüş davam edir: “İnformasiya cəbhəsində biz təkcə Ermənistanla savaşmırıq, həm də dünya erməniliyi ilə mübarizə aparırıq. Saxta, riyakar, yalançı, hiyləgər erməni xisləti ilə, erməni siyasəti ilə, həmçinin onların havadarları ilə mübarizə aparırıq. Həm Azərbaycan, həm də Türkiyə erməni uydurmalarının acısını yaşamaqdadır. Hər iki ölkə dövlət təhlükəsizliyini qoruduğu kimi, informasiya təhlükəsizliyini də qorumalıdır. Media sahəsində dövlətin və xalqın maraqlarına uyğun fəaliyyət göstərməlidir. Əlbəttə, hər iki ölkənin maraqları təkcə Ermənistanla aparılan informasiya müharibəsi ilə məhdudlaşmır. Burada dünya kontekstində digər mənəvi-siyasi, sosial-iqtisadi maraqlar da mühüm əhəmiyyət kəsb edir.”

Həmsöhbətimizin sözlərinə görə, bu sənəd konkret olaraq qardaş ölkə ilə ortaq media platformasının yaradılmasını və mətbuat sahəsində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur: “Birgə Media Platformasının yaradılması  media və kommunikasiya sahəsində Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını  gücləndirəcək. Strateji media ortaqlığının yaradılmasına gətirib çıxaracaq. Xüsusilə, media şəbəkəsinin  infrastrukturunu formalaşdıracaq.  Bu infrastruktur necə yaradılacaq?  Əvvəlcə, bilik, təcrübə  paylaşılacaq, media sahəsində fəaliyyət göstərən rəsmi qurumlar fəaliyyətlərini əlaqələndirəcək. Sonra beynəlxalq kütləvi informasiya vasitələrində yayılan dezinformasiyaya qarşı birgə mübarizə aparılacaq və doğru, dürüst məlumatlar dünya ictimaiyyətinə çatdırılacaq. Televiziya və kino sahəsində ortaq işlər həyata keçiriləcək, ixtisas təhsili və mübadilə proqramları təşkil ediləcək, bir sözlə, iki ölkənin fikir öndərləri, fikir aydınları arasında rabitə körpüsü qurulacaq.”

Yaqut Ağaşahqızı, “İki sahil”