16 mart 2020 23:52
1660

Mehriban Əliyeva: Vaqif Mustafazadənin adı yaşayır və yaşayacaqdır

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Vaqif Mustafazadənin 80 illiyi münasibətilə paylaşım edib.

Paylaşımda deyilir: "Vaqif Mustafazadə... Bu ad hər birimizdə ən xoş duyğular oyadır. Qısa, lakin mənalı ömür yaşadı. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etdi. Qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı. 80 illiyi qeyd olunan Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır.

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Vaqif Mustafazadənin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildə bəstəkarın həyat və yaradıcılığından bəhs edən musiqi albomu nəşr edilmiş, yaxın zamanlarda isə əsaslı yenidənqurma işləri aparılan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi istifadəyə veriləcəkdir".