24 fevral 2020 19:05
1367

Mehriban xanımın Ordenə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır

Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır

Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi onun fəaliyyətinin qlobal miqyası, dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Azərbaycan dinlər və mədəniyyətlər arasında körpü rolunu oynamaqla hazırkı ziddiyyətli beynəlxalq münasibətlər sistemində dialoqu təmin edən dövlət kimi çıxış etməyi bacarır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, XXI əsri bəzən dini və milli identiklik əsri kimi səciyyələndirirlər. Bu isə o deməkdir ki , beynəlxalq münasibətlərdə qarşılıqlı davranışlar məhz bu məntiqə əsaslanmalıdır. Etiraf etmək lazımdır ki , bəzi hallarda ədalətin və hüququn təmin olunması da elə milli və dini təəssübkeşliyə əsaslanır. Belə olduqda isə qlobal, universal dəyərlər və beynəlxalq hüquq öz əhəmiyyətini itirmiş olur. Lakin Azərbaycan öz diplomatiyası və siyasəti ilə əməkdaşlıq və tərəfdaşlığın məhdudlaşdırıcı çərçivəyə salınmasının əleyhinədir.

H.Babaoğlu əlavə edib ki, Azərbaycan multikultural və tolerant dəyərlərinə söykənərək uğurlu təşəbbüslərlə çıxış edir, milli maraqlarını təmin etmək üçün qarşılıqlı faydalı əməkdaşlıqlar üçün yeni keyfiyyət platformaları yaradır. Bu işdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri var. “Elə İtaliyaya dövlət səfəri zamanı fevralın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşmələri bir daha ondan xəbər verir ki, Azərbaycan multikultural və dini-tolerant ölkə olaraq qarşılıqlı hörmətə əsaslanan münasibətlərini dünyanın ən böyük dini- ideoloji mərkəzlərindən biri ilə uzlaşdırmağı bacarır”, - deyə baş redaktor bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi də ilk növbədə Birinci vitse–prezident Mehriban Əliyevanın fəaliyyətinin miqyası və dinlərarası, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Şübhəsiz ki, ölkəmizdə bütün dini icmaların nümayəndələri, o cümlədən katolik xristianların azad və sərbəst şəkildə fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanda olan dinlərarası və məhzəblərarası münasibətlərə Avropanın ən tolerant ölkələrində belə rast gəlmək bəzən çətin olur. Əlbəttə ki, dünyaya ali dini dəyərləri, humanizmi, qarşılıqlı hörməti təbliğ edən Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətləri təqdir etməklə onu yüksək qiymətləndirməsi mühüm hadisədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi də, ilk növbədə, Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına, dinlərarası və mədəniyyətlərarası dialoqa, humanist və ali dəyərlərin təbliği və qorunmasına verdiyi töhfələrə bağlıdır.