10 dekabr 2019 11:54
1261

“Mələk” nümayiş olundu

Dekabrın 9-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə gənc prodüsser Kənan Fərzəliyevin işçi qrupu ilə birgə ərsəyə gətirdiyi “Mələk” tammetrajlı bədii filminin təqdimat mərasimi keçirilib.

Tanınmış incəsənət xadimlərinin, media nümayəndələrinin, YAP Gənclər Birliyinin üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək bildirib ki, qadınlara qarşı zorakılıq halları müasir dövrümüzün qlobal problemlərindən biri olaraq qalmaqdadır. Belə hallara isə dünyanın bütün öklərində rast gəlmək mümkündür. Odur ki, dünyanın hər yerində bu problemə qarşı mübarizə aparılır. Elə bu tədbir də “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq”  kampaniyası çərçivəsində reallaşıb. O, belə maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini söyləyib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov vurğulayıb ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalar əsas götürülərək bu istiqamətdə bir çox tədbirlər həyata keçirib. Ölkəmizdə qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir. Bundan başqa, qadınların hüquqlarının müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır. Ərsəyə gətirilən “Mələk” filmi bunun bariz nümunəsidir.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev öz çıxışında belə bir aktual mövzuya müracət etdiklərinə görə gənclərə təşəkkür edib. Onun sözlərinə görə, müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq,  hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb: “Belə mənfi hallara qarşı cəmiyyətin birgə mübarizə aparması daha effektli nəticələr verə bilər”. O, həmçinin qeyd edib ki,  cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır.

 YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyevin fikrincə isə hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozulmasıdır.

Qeyd edək ki, “Mələk” filmində Xalq artisti Kazım Abdullayev, Əməkdar artist Xatirə Süleymanova, Kənan Aydın, Leyla Səlim  və başqaları rol alıblar. Filmin quruluşçu rejissoru isə  Elmar Məmmədovdur. Film “O evdən kəfənsiz çıx!” şüarı ilə erkən nikahlara, qadına şiddətə və ailədaxili zorakılığa qarşı mübarizəni əks etdirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”