19 sentyabr 2019 14:16
919

Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır

Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar xalqla bir yerdə olmalı, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yaşamalı, etik davranış qaydalarına əməl etməlidirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Horadiz şəhərindəki Muğam Mərkəzində keçirilən müşavirədə səsləndirilib.

Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların və digər xidmət sahələri rəhbərlərinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, Füzuli rayonun işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq və abadlıq işlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin əhalinin problemlərinin öyrənilməsi, həll olunması, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 min nəfərə yaxın əhali yaşayır. 60 min füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, şəhərlərində və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşıb. Rayon icra hakimiyyəti tərəfindən rayonun yaşayış məntəqələrində və məcburi köçkünlərin məskunlaşdıqları rayon və şəhərlərdə mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, onların problemləri həll edilir, müvafiq köməkliklər göstərilir.

Müşavirədə rayon prokuroru, polis şöbəsinin rəisi, məhkəmənin hakimi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri, Məşğulluq Mərkəzinin direktoru və xidmət təşkilatların rəhbərləri çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər. Alı Alıyev hər bir dövlət məmuruna vətəndaşlara qayğı ilə yanaşmağı, kobudluğa yol verməməyi, xalqa, dövlətə ləyaqətlə xidmət etməyi tövsiyə edib.