27 fevral 2019 10:53
1085

Mən bu gün də Xocalıda itirdiyim əzizlərimin ruhları ilə danışıram

“Mingəçevir şəhərində xocalılılar yaşayan qəsəbədə məskunlaşanlar arasında elələri var ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə  30-40 nəfər qohumunu itiriblər”. Bu fikri “İki sahil” qəzetinə açıqlamasında Xocalı soyqırımının şahidi olmuş 77 yaşlı Baloğlan Allahyarov söylədi.

Bildirdi ki, həmin gecə Ermənistan silahlı qüvvələri Sovet İttifaqının 366-cı motoatıcı alayının hərbi texnikası və şəxsi heyətinin köməyi ilə  Xocalı şəhərində törətdikləri soyqırımı nəticəsində bütün ailə üzvlərini itirib: “Oğlumu, gözümün ağı-qarası Etibar balamı, yoldaşımı, gəlinimi itirdim. Onların cəsədlərini də tapa bilmədim. Mən bu gün də onların ruhları ilə danışıram. Heç olmasa, bircə dəfə Xocalı torpağını görsəydim, əzizlərimin yanına üzüağ gedərdim”.

Xocalıdan olan Qarabağ müharibəsi veteranı Alim İsmayılov: “Kaş elə bir gün gələydi, bizdən Xocalıya qayıdışla bağlı müsahibə alaydınız” sözləri ilə söhbətimizə qoşuldu: “Biz artıq 27 ildir o günü  gözləyirik. Onu da deyim ki, Xocalı soyqırımı dünyada misli görünməyən bir dəhşət idi. Hələ də şəhərimizin yerlə-yeksan edilməsi, insanların amansızlıqla qətlə yetirilməsi gözlərim önündən getmir. İllər ötsə də, Xocalı soyqırımının yarası köz bağlamır. İndiyədək Xocalı soyqırımına beynəlxalq aləmdə hüquqi-siyasi qiymətin verilməməsi beynəlxalq qurumların erməni mafiyasının əlaltılarına çevrilmələrindən, onların xristian “təəssübkeşliyindən” xəbər verir. Bax, hamı kimi məni də yandırıb yaxan elə budur”.

Xocalılılar, eyni zamanda, dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan da söz açdılar. Əslən Xocalıdan olan Göyüş Həsənov dedi: “Son aylar dövlət başçımızın imzaladığı Fərman və sərəncamlara əsasən, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsini, minimum əməkhaqqının 38 faiz artırılmasını, minimum pensiyaların 116 manatdan 160 manata çatdırılmasını, şəhid ailələrinə müavinətlərin verilməsini, eləcə də digər müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasını,  həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsini vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar kimi dəyərləndiririk. Şübhəsiz, bütün bunlardan biz xocalılılar da faydalanırıq. Dünən isə ölkə başçısı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 2019-cu il aprelin 1-dən 50 faiz artırılması haqqında Sərəncam imzaladı. Təbii ki, bu da bizim rifahımızın daha da yaxşılaşmasına öz töhfəsini verəcək”. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, fevralın 25-də Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə dövlət başçısı bildirdi ki, əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Mingəçevirdə 20 min  qaçqın və məcburi köçkün, o cümlədən 350 nəfər Xocalı sakini məskunlaşıb ki, onların da 80 faizi mənzillə təmin olunub”.

Həmsöhbətimiz Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı da xocalılıların problemlərinin daim diqqət mərkəzində saxladığını vurğuladı: “Amma bütün bunlar o demək deyil ki, biz doğma yurd-yuvamızı yaddan çıxarmışıq. Nə qədər naz-nemət içərisində yaşasaq da, nə qədər qayğı və diqqət göstərilsə də öz əvvəlki yurd-yuvamıza qayıtmaq istəyirik. Əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyev bizim bu arzumuzu da reallaşdıracaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”