21 noyabr 2019 13:51
1138

“Mən bullinqə qarşıyam”: maarifləndirici tədbirə start verilib

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən, Gənclər üçün Təhsil Mərkəzi (GTM) və UNİCEF-in birgə icra etdiyi  "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası, GTM Qarabağ ofisi və Ağcabədi rayon polis şöbəsinin birgə əməkdaşlığı ilə “Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbirlərə start verilib.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri, GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı, Ağcabədi rayon polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Tural Məlikov, şöbənin təşkilati inspektor qrupunun baş inspektoru, polis mayoru İlqar Cəfərov,  yeniyetmələr, valideyinlər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Tədbiri YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri, GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı giriş sözü ilə açaraq bildirib ki, son zamanlar  dünyanın bütün ölkələrindəki təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır: “Onlardan biri son vaxtlar leksikonda  yer almış bullinqdir. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs, ya da şahid kimi. Bu, həm onlayn, həm də reallıqda baş verir. Bütün bunlar isə uşağın şəxsiyyətinə dağıdıcı təsir  göstərir”.

Daha sonrakı çıxışlarda vurğulanıb ki, çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Məktəb rəhbərliyi və ya valideynlər bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq böyüdüklərini və problemlərini özləri həll edə bilməyi, beləcə öyrəndiklərini düşünərək müdaxilə etməyin mənasız olduğunu hesab edirlər. Vurğulanıb ki, bullinq şagirdlərin böyümə prosesində ən ciddi problem olub, dərin travma izləri buraxacaq davranışlardan biridir və onun qarşısının alınması məktəblərin və təhsil sisteminin qarşısında duran ən vacib məsələdir.

Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb.

Taleh Bağırov, “İki sahil”