15 oktyabr 2019 10:35
408

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”

15 oktyabr 2003-cü il prezident seçkilərindən 16 il ötür

Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində qələbəsinə,

son 16 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası dövlətimizin başçısının ölkəmizdə keçirilən prezident seçkilərində dəfələrlə uğur qazanmasına bələdçilik edirSon 16 ilə qısa baxış fonunda bu ümumiləşdirməni apara bilərik ki, bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 2003-cü ildə xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycana qazandırdığı uğurların aydın mənzərəsini yaradır: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azəçrbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.”

Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas edib bugünkü reallıqlarına yol açan ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyası bu fikri böyük inamla və qətiyyətlə ifadə etməyimizə əsas yaradır ki, bizim sözümüzün imzamız qədər qüvvəsi vardır. Azərbaycan sabitlik diyarı kimi nüfuz qazandı. Bu sabitlik, eyni zamanda onun əsas yaratdığı bisnes imkanları Azərbaycana investisiya axınını sürətləndirdi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirdi. Məhz bu təmələ əsaslanaraq bu gün Azərbaycan çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiq olduğunu həm yaşadığı gerçəklikləri ilə, həm də beynəlxalq qurumların hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması ilə sübut edir. Bu xoşbəxtliyi davamlı edən açar isə ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkilərində xalqa müraciəti oldu: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” 1 oktyabr 2003-cü il müraciətində “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən ulu öndər Heydər Əliyev bildirmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək, cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımıza yol açdı. Ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi bu əminliyi bir daha yada salaq: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Dövlətimizin başçısı İlham Əliyevin mətbuata ilk müsahibəsində söylədiyi fikirləri də xatırlamaq yerinə düşər. “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına cənab İlham Əliyevin cavabı ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf edən Azərbaycanın gələcək inkişafının istiqaməti kimi dəyərləndirildi: “Gərək mən ümidləri doğruldam... Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm... Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.”

Dövlətimizin başçısı İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhmiyyətli uğurlar qazandırdı. Son 16 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb. “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik” söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.”

Ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi proqram xarakterli bu fikri də yada salaq: “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.” Dövlətimizin başçısı bu reallıgı da qeyd etmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub. Ölkənin iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək mümkündür. İqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq.

Cənab İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək, bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. 2003-cü ildən ötən 16 ildə regionların, eyni zamanda Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 3 Dövlət Proqramının icrası başa çatıb, dördüncünün icrasına başlanılıb. Hər bir sənəddə nəzərdə tutulan dövr ərzində görülən işlərin planı öz əksini tapır. Dövlət proqramlarının uğurlu icrasının nəticələri göz önündədir. Təkcə 2019-cu ilin arxada qalan dövrünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək, Azərbaycanın iqtisadi inkişafının bir möcüzə olduğunu böyük qətiyyətlə qeyd edərik. Dövlətimizin başçısı İlham Əliyev cari ilin əvvəlində bu proqnozu səsləndirmişdir ki, 2019-cu il tarixə təkmil sosial-iqtisadi islahatlar ili kimi daxil olacaq.

Son 16 ildə bir milyon 900 mindən artıq yeni iş yeri yaradılıb. Xatırlasaq, 2004-2008-ci illər üçün nəzərdə tutulan birinci Dövlət proqramında 600 min yeni iş yerinin açılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdu. Sənədin icrası başa çatdıqda bu rəqəm 700 mindən çox idi. Bu onu göstərdi ki, məqsəd uğurlara nail olmaq üçün stimulverici amildir. Cənab İlham Əliyev Prezident kimi jurnalistlərə ilk müsahibəsində də bildirmişdi ki, zaman dəyişir, qarşıya yeni-yeni tələblər qoyulur. Məhz bu tələblər yeniləşməni, modernləşməni daha da aktuallaşdırır. Birinci proqramın uğurlu icrası ikinci, o isə öz növbəsində üçüncü və dördüncü sənədin qəbulunu zərurətə çevirdi. Qeyri-neft sektorunun inkişafını bölgələrin inkişafı kimi dəyərləndirən cənab İlham Əliyevin rayonlara ardıcıl səfərləri, hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə tədbirlər planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması bu inkişafı daha da sürətləndirir. Uğurlu, təkmil addımların nəticəsində bu gün ölkəmizdə işsizlik, yoxsulluq 5 faiz səviyyəsindədir. Cənab İlham Əliyev 2003-cü il andiçmə mərasimində yoxsulluq kimi sosial bəlanın tamamilə aradan qaldırılacağını əsas vəzifə kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə də təqdir edilir. Bu faktı da qeyd etməliyik ki, Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizinə sahibdir. Bu, inkişaf modeli dünyaya təqdim edilən və öyrənilməsinin vacibliyi vurğulanan Azərbaycanın mühüm uğurlarındandır. Azərbaycan, eyni zamanda, investisiya cəlbediciliyi baxımından da diqqət çəkir. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 250 milyard dollara yaxındır. Bunun böyük qismi xarici investisiyalardır. Bu faktın özü Azərbaycanın bu gününə, gələcəyinə inamın təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Heç kəsə sirr deyil ki, sərmayələr, xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur. Çünki hər bir sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib ölkədir. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan veribdir.”

 Göründüyü kimi, Azərbaycan sabitlik diyarına çevrilib, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşamaqla dünyanın diqqət mərkəzində dayanır. Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasında da iqtisadi uğurlar, sabitlik diyarı kimi nüfuz qazanması, eyni zamanda demokratik inkişafı həlledici rol oynayır.

 Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik, iqtisadi tərəqqi, ictimai-siyasi əmin-amanlıq olmasa, təbii ki, demokratiyanın ömrü uzun ola bilməz. Son 16 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycanın demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi ilə təsdiqlənir. Cənab İlham Əliyev bildirir ki, iqtisadi və siyasi islahatların vəhdətliyi Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır. İstər insan hüquqlarının qorunması, istər azad mətbuatın inkişafı, istər seçkilərdə vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, istər çoxpartiyalı sistemin yaradılması, istərsə də seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan adımlara diqqət yetirsək, bir məqsəd, amal özünü təsdiqləyir ki, bu addımlar ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Beynəlxalq əməkdaşlıq fonunda qəbul olunan qanunlara edilən əlavə və dəyişikliklər, yeni qanunların qəbul olunması Azərbaycanın bu gününə və gələcəyinə xidmət edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunədir.

 İnsan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasıdır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunması, son 16 ildə iki dəfə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, 27 dekabr 2011-ci il tarixli Sərəncamla daha geniş sferanı əhatə edən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiqlənməsi bu istiqamətdə atılan addımların davamlılığının, dövrün tələbinə uyğun təkmilləşmənin göstəricisidir. “Hüquqi dövləti mətbuatsız təsəvvür etmək mümkün deyil” söyləyən cənab İlham Əliyevin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı da 16 ildə atılan addımların miqyasından daha aydın görünür. KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqi, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı davamlı sərəncamların imzalanması bunun bariz nümunəsidir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Prezident İlham Əliyev 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Demokratiyanın vacib amillərindən biri kimi ölkəmizdə çoxpartiyalı sistemin formalaşması istiqamətində atılan addımlar da göz önündədir. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, partiyaların dövlət büdcəsindən maliyyələşməsi və s kimi tədbirlər bu reallığı ortaya qoyur ki, Azərbaycan dövləti demokratik inkişafı strateji kursunun əsası kimi qəbul edir, dünya təcrübəsinə istinad edərək qəbul olunan qanunların təkmilləşdirilməsində, yaxud yenidən qəbulunda maraqlıdır.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu məqamı da nəzərə alaq ki, hər bir seçki ölkədə mövcud olan ab-havanın göstəricisidir. Son 16 ildə ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində xalqın fəal iştirakı, həyata keçirilən siyasətə dəstəyi davamlı inkişafa geniş yol açan mühüm amillərdəndir. Azərbaycan dövləti seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlər həyata keçirir. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsinə bu dövrdə dəfələrlə edilən əlavə və dəyişikliklər də təkmilləşməyə, yeniləşməyə verilən önəmdən qaynaqlanır. Keçirilən seçkilərdə xalqın ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasına dəstəyi təbii ki, bu partiyanın yaradıcısı olan Heydər Əliyevin ideyalarına sədaqətdən, onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamdan irəli gəlir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası təkcə ölkənin deyil, regionun aparıcı təşkilatıdır. Sıralarında 750 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası tutduğu yola sadiqliyi ilə daim Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə, yeni-yeni hədəflərə nail olmasına dəstək olmağa səy göstərir. YAP yeni-yeni hədəflərə doğru irəliləyən Azərbaycanın davamlı uğurlarına öz töhfələrini verir.

Güclü sosial siyasətlə tamamlanan iqtisadi islahatların zamanın tələblərinə uyğunlaşdırılması Azərbaycanı dünyaya sosial dövlət kimi təqdim edir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu əsas məqamı hər zaman önə çəkir ki, iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır. 2008-ci ildən dünyanı bürüyən və nəticələri bu günə kimi davam edən iqtisadi və maliyyə böhranı dövründə ölkəmizdə əmək haqlarının, pensiyaların artırılması sosial müdafiənin prioritetliyini bir daha nümayiş etdirdi. Ötən dövr ərzində bu istiqamətdə atılan mühüm addımlardan biri kimi, vətəndaşlara sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsini, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından bəhrələnmələrini qeyd edə bilərik. Qeyd edək ki, 2008-2015-ci illəri əhatə edən “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” icra olundu. Əvvəldə də qeyd etdiyimiz kimi, yoxsulluq həddi 5 faiz səviyyəsindədir. Təbii ki, bu kimi addımlar dövlətin insan amilinə verdiyi dəyərin təsdiqidir. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 2009-cu ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərdən diqqət çəkəni “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə oldu. Bu əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda layiqli həyat səviyyəsinin təmin edilməsidir.

Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev əhalinin rifahının yüksəldilməsi məqsədilə iki sosial paketi təsdiq edib. Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanları əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının böyük dərəcədə artırılması barədə iyunun 18-də imzaladığı sərəncamlar dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını əyani şəkildə göstərdi. Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə Prezident tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edir. Xatırladaq ki, 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı.

Bu uğurlara yol açan əsas amil təbii ki, neft gəlirlərinin düzgün idarə olunmasıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə beynəlxalq əməkdaşlığa açılan yol bu gün uğurla davam edir. “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 2018-ci ildə rəsmi açılışı, 2017-ci ildə Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması da bunun bariz nümunəsidir. Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanıb və beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirib. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bu inamı da ifadə etmişdir: “ Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunandan sonra, BTC neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir.” 2003-cü ildə aktivlərinin həcmi 800 milyon dollar olan Dövlət Neft Fondunda bu gün toplanan vəsaitlərin həcmi 2019-cu ilin 30 iyun tarixinə olan məlumata əsasən 42 milyard dollardan artıqdır. Fondun vəsaitləri hesabına gerçəkləşdirilən layihələr Azərbaycanın hərtərəfli inkişafını daha da sürətləndirir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirən xeyli sayda faktlar sadalamaq olar. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi beynəlxalq baxışın yüksək səviyyədə olduğunun təsdiqidir. Ölkəmiz müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə də bu inamı nümayiş etdirir. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan edildi. Məhz bu illərin özü Azərbaycanın ölkələr, xalqlar arasında körpü roluna bir işıq salır. Dünya dövlətləri, həmçinin islam aləmi ilə əməkdaşlığı xarici siyasətinin önündə saxlayan Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə əməkdaşlıq körpüsü roluna yeni əlavələr etdi. 2016-cı ildə BMT-nin Svilizasiyalar Alyansının VII Qlobal Forumunun, eyni zamanda digər mədəniyyətlər və dinlərarası dialoq forumlarının Azərbaycanda keçirilməsinin təbii olduğunu qeyd edən cənab İlham Əliyev bunu belə əsaslandırır: “Çünki ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir-hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər.” Dövlətimizin başçısı İlham Əliyev bu inamı da ifadə edir ki, Azərbaycan müstəqillik dövründə mədəniyyətlərarası dialoqun inkişafında və islam həmrəyliyinin güclənməsi işində öz rolunu oynayıb, bundan sonra da bu yolla gedəcəyik.

Ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Münaqişənin həllində möhkəm hüquqi baza mövcuddur. Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb siyasətini seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Aprel döyüşləri, eyni zamanda Naxçıvan qələbələri bunu bir daha təsdiqlədi. Ölkə Prezidenti İlham Əliyev bildirir: “Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir.”

Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından dəyişməz mövqeyimiz bəyan edir- Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında cənab İlham Əliyevin, 74-cü sessiyasında Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdikləri bəyanatlar, ən əsası dövlətimizin başçısının Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında işğalçı Ermənistana və onun havadarlarına ünvanladığı “ Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı dövlətimizin müstəqil siyasətinə işıq salmaqla yanaşı, bir daha erməni yalanlarının həiqəqətlərin fonunda ifşa olunduğunu, həqiqətə həqiqət gözü ilə baxmağın zamanının çoxdan çatdığını bir daha nümayiş etdirdi. Bunun ardınca dövlətimizin başçısı İlham Əliyevin Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında işğalçı dövlətin baş naziri Nikol Paşinyanı fakt qarşısında qoyması da diplomatik qələbəmizin tərkib hissələrindəndir.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, dünya standartlarına cavab verən ordusu var. Sülh danışıqları səmərə vermədiyi təqdirdə torpaqlarımızın hərb yolu ilə azad ediləcəyi şəksizdir. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcıdır. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun son 16 ildə uğurla davam etdirilməsi nəticəsində əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq cənabİlham Əliyevin bu fikirlərini xatırlayaq: “Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır... Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir.”

Keçilən yola, əldə olunan nəticələrə söykənərək, qarşıdakı illərin prioritetlərini müəyyənləşdirən dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda davamlı inkişafa xidmət edən Strateji Yol xəritələri yeni hədəflərin gerçəkləşməsini şərtləndirir. Hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır. Bunun üçün bütün əsaslar mövcuddur. Hesabatlarında uğurlarımızın geniş yer aldığı beynəlxalq maliyyə qurumları da Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyinin gerçək olduğunu təsdiqləyirlər. Dünya Bankının təmsilçiləri bildirirlər ki, Azərbaycanda 2020-ci ilədək ÜDM-nin iki dəfə artırılması böyük çağırışdır. Bunu etmək üçün ölkə kifayət qədər güclü potensiala malikdir və inanırıq ki, Azərbaycan bu yolda ciddi uğur qazanacaq.

İdarəetmə sistemində həyata keçirilən təkmil islahatlar da hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Vitse-prezidentlik institutunun yaradılması, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin davamlı inkişafına yönələn səylərin birləşdirilməsinin təsdiqidir. Cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərkən onun bütün istiqamətlərdə xidmətlərindən geniş bəhs edərək bu inamı ifadə etmişdir: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.” Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın qısa müddətdə gördüyü işlərin miqyası genişdir. Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsinə davamlı töhfələri göz önündədir.

 Xalqın inamının böyük olduğu ölkədə Prezidentə milyonların sevgisi şəksizdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında xalqın 76,84 faiz səsini qazanaraq prezident seçilməsi, 5 ildə gördüyü işlər onun 2008-ci il 15 oktyabr prezident sekilərində 88,73 faiz səs qazanmasına imkan yaratdı. 2013 və 2018-ci il prezident seəkilərində də qələbəsini təkrarlaması hər bir vədini konkret əməli işdə təsdiqləməsi ilə şərtləndirdi. Bu gerçəklik beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Dövlətimizn başçısı İlham Əliyevin 2018-ci ildə keçirilən andiçmə məraimində söylədiyi “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur” fikirləri keçilən yolun və qarşıdakı illərin aydın mənzərəsini yaradır. Dövlətimizn başçısı İlham Əliyev daim bəyan edir ki, biz uğurlarımızla kifayətlənməməli, daim irəliyə baxmalıyıq: “ Mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər ayrı-ayrı sahələrdə malik olduğu imkanların, həmçinin təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.

Yeganə Əliyeva, “İki sahil”