11 yanvar 2019 10:10
2263

Mənim bir amalım var...

Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək


“Bu il ölkəmizdə prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək.”

Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  münasibətilə xalqa təbrikində bir daha həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını diqqətə çatdırdı. Təsadüfi deyildir ki,  Nazirlər Kabinetinin iclaslarında, həmçinin bu və ya digər bayram tədbirlərində cənab İlham Əliyev Azərbaycanın uğurlarından bəhs edərkən həmişə “insan amili, insan kapitalı” anlayışının mahiyyətini diqqətə çatdırır və bu tapşırığı verir: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir.”

Ölkə Prezidenti  İlham Əliyevin imzaladığı  Fərman və sərəncamlar, təsdiq etdiyi Dövlət proqramları bu məqsədə xidmət edir - Ölkənin malik olduğu iqtisadi potensialı gücləndirmək, qeyri-neft sektorunu inkişaf etdirmək, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə etmək,  yeni iş yerlərinin açılmasına şərait yaratmaq, sahibkarlığı inkişaf etdirmək, sosial xidmətlərin həcmini, keyfiyyətini və ünvanlılığını əhəmiyyətli dərəcədə artırmaq, yoxsulluq və işsizlik problemlərinin həllinə nail olmaq. Böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin həyata keçirilməsi, antiinhisar tədbirlərinin gücləndirilməsi,  “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın təsdiqi, “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, eyni zamanda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” kimi fərmanlara uyğun olaraq “ASAN xidmət” mərkəzlərinin yaradılması və  coğrafiyasının genişləndirilməsi, həmçinin ABAD mərkəzlərinin fəaliyyəti, “DOST” layihəsi və s. kimi biri-birindən mühüm addımlar insan amilinə verilən dəyərdən qayanaqlanır. Son illər bu və ya dövlət qurumlarının rəhbərlərinin bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinin keçirilməsi, onların narahat edən məsələlərlə yaxından tanış olaraq, həlli istiqamətində addımların atılması da bu diqqət və qayğının tərkib hissələrindəndir. Cənab İlham Əliyevin hər çıxışında  əsas diqqət göstərilən  məsələlərdən biri məhz korrupsiya və rüşvətxorluğa qarşı mübarizə olur. Bu fikir xüsusi qeyd olunur ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” bir dönüş yaratdı.  Bu baxımdan  bu sistemin bütün sahələrdə tətbiqi vacibdir.

Bu gün böyük inamla qeyd etdiyimiz “paytaxt və bölgələr arasında fərq tamamilə aradan götürülmüşdür” fikri də insan amilinə dəyərdən qaynaqlanan siyasətin uğurlu icrasının nəticəsidir. Belə ki, hazırda Azərbaycanın hər rayonu,  kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünu yaşayır. Bütün rayonlar arasında sağlam rəqabət gedir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  bütün təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi davamlı inkişafı şərtləndirir. Bu gün ən ucqar kənd, qəsəbə belə diqqət və qayğıdan kənarda deyil. Təkcə 2018-ci il ərzində dövlətimizin başçısı İlham Əliyevin bölgələrə səfərlərinə,  açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə, həmçinin həmin rayonlara səfərlərdən sonra sosial-iqtisadi  inkişafın daha da sürətləndirilməsi məqsədilə imzaladığı sərəncam əsasında ayrılan vəsaitlərin məbləğinə diqqət yetirsək, dövlətimizin başçısı İlham Əliyevin yuxarıda qeyd etdiyimiz fikirlərinin reallıqda öz əksini tapdığını bir daha təsdiqləmiş oluruq. Statistikaya müraciət etsək görərik, ötən il regionlarda yeni sosial-iqtisadi obyektlərin  inşası, abadlıq-quruculuq işlərinin daha da genişləndirilməsi və s. kimi mühüm məsələlərin həlli məqsədilə  69 Sərəncam imzalanıb, Prezidentin Ehtiyat Fondundan 329 milyon manat vəsait ayrılıb.  Bərdə, Şamaxı, İsmayıllı, Biləsuvar, Masallı, Quba, Xızı, Lerik, Astara, Lənkəran, İmişli, Qax, Ağdam, Şəki və digər rayonlara səfərləri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev vurğulamışdır ki, insanların rahat, yüksək rifah şəraitində yaşaması prioritet məsələlərdəndir. Son illər, xüsusilə ötən il əhalinin özünüməşğulluğunun təminatı istiqamətində atılan biri-birindən  önəmli addımlar, imzalanan Fərman və sərəncamlar da yüksək rifahın prioritetliyini təsdiqləyir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda  əksini tapan hədəflər sırasında işsizlik səviyyəsinin 2030-cu ilə qədər 4 faizə, qadınlar və gənclər arasında minimuma  endirilməsi dayanır. 

Uğurlarımızın davamlılığında vacib amillərdən biri də vətəndaş-məmur münasibətlərinin lazımi səviyyədə formalaşdırılmasıdır.  “Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda,  bildirir ki,  Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq bizim böyük sərvətimizdir: “Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir.”

“Dünyada nadir Azərbaycan inkişaf modeli var” fikri düşünülmüş və məqsədyönlü siyasətin uğurlarına əsaslanır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkəmizin dünyanın yaşadığı iqtisadi və maliyyə böhranından uzaq olmasını şərtləndirdi. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması, iqtisadiyyatın şaxələndirilməsinə xidmət edən biri-birindən əhəmiyyətli addımlar bugünkü inkişafa böyük stimul oldu. Təbii ki, kompleks tədbirlərin həyata keçirilməsi qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmağa böyük stimul verir. Bunun üçün bütün aidiyyəti qurumlardan birgə səylərin göstərilməsi, üzərilərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək tələb olunur.

Bu fakt da inkaredilməzdir ki, regionların, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında hər bir rayon, qəsəbə üzrə görüləcək işlər, tədbirlər planı öz əksini tapır. Rayonlar arasında sağlam rəqabətin getdiyi hazırkı dövrdə rayon rəhbərliklərinin üzərinə böyük məsuliyyət düşür. İdarəçiliyin yüksək səviyyədə həyata keçirilməsi, həmçinin etimad və məsuliyyətin vəhdətliyinin qorunması həmin rayonun, qəsəbənin inkişafında, quruculuq işlərində də özünü qabarıq şəkildə göstərir.     “Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək” söyləyən ölkə Prezidenti bildirir: “Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar.”

Bu sadalananların fonunda ümumiləşdirmə aparsaq, deyə bilərik ki, xalq iqtidar birliyi, eyni zamanda, vətəndaş amilinə dəyərdən irəli gələrək məmurlar qarşısında qoyulan tələblərin icrası davamlı uğurları, cəmiyyətdə yüksək ab-havanın yaranmasını şərtləndirən mühüm amillərdir.  Dövlətimizin başçısı İlham Əliyev məhz bu tapşırıqlara, tələblərə əsaslanaraq  “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik” söyləyərkən  bu tezisi belə əsaslandırmışdır: “Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir.”

İnsan amilinə verilən dəyərin əsas göstəricilərindən olan Konstitusiyamıza edilən əlavə və dəyişikliklər sırasında hər zaman dövlət-vətəndaş münasibətlərinin normal formalaşdırılmasına xidmət edən dəyişiklikləri görməmək mümkün deyil.  “Mən hər kəsin Prezidentiyəm” vədini atdığı addımlarla təsdiqləyən  cənab İlham Əliyev, eyni zamanda, bildirir ki, ölkə ictimaiyyəti nə zaman görülən işlərdən razı qalarsa, onda mən də razı olacağam.

Yeganə Əliyeva, “İki sahil”