27 yanvar 2020 16:04
1418

Məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar

Fevralın 9-da ölkəmizdə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar yanvarın 27-də aşağı seçki komissiyalarının üzvləri üçün təşkil edilmiş treninqlərə start verilib. Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə keçirilən təlim məşğələləri gün ərzində iki dəfə olmaqla, hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. Secki-2020.az saytının xəbərinə görə, 77 saylı Astara Seçki Dairəsində keçirilən treninqlərə 44 seçki məntəqəsinin 264 üzvü cəlb olunub.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunan məşğələlər MSK-nın təlim kurslarında iştirak etmiş trenerlər - 77 saylı Astara Dairə Seçki Komissiyasının katibi Güləsən Mirzəyev və Katibliyin baş məsləhətçisi Malik Hüseynov tərəfindən aparılır.

Təlim zamanı iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü presudurları və müstəsna hallar, səslərin sayılmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin sayılması və yekun protokolun doldurulması, səsvermə prosedurlarına dair praktiki tapşırıqlar və digər məsələlər barədə məlumatlar verilir.

Praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.

Treninqdə məntəqə seçki komissiyalarının üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.

Üç gün davam edəcək məşğələlər ölkəmizin cənub bölgəsinin digər Dairə Seçki komissiyalarında da keçirilir.