23 sentyabr 2019 15:52
702

Məqsədimiz sosial məsələlərin həllində dövlətimizə dayaq olmaqdır

Ölkəmizdə uğurla reallaşdırılan dövlət siyasəti bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza yaxından inteqrasiyasına səbəb olub. Bu gün işini günün tələbləri səviyyəsində qurmağa çalışan bələdiyyə orqanları az deyil.  Belə yerli özünüidarəetmə qurumlarından biri də Quba rayonunun Birinci Nügədi bələdiyyəsidir. Belə ki, bu qurum üzərinə düşən işlərin öhdəsindən daha bacarıqla gəlməyə çalışır. Ona görə də hazırda Birinci Nügədi bələdiyyəsi artıq rayon səviyyəsində tanınmış bələdiyyələrdən biri sayılır.

Birinci Nügədi bələdiyyəsinin sədri Firidun Sədrəddinov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ümumiyyətlə, bələdiyyə fəaliyyətinin həyata keçirilməsi yerli vergi və ödənişlərlərdən daxil olan vəsaitlər hesabına olur: “Buraya, fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə haqları və s. daxildir. Onu da vurğulamaq istərdim ki, bu gün ölkəmizdə bələdiyyələrin inkişafında dövlət də maraqlıdır. Bunu qəbul edilmiş qanunvericilik aktlarında da görmək mümkündür. Amma buna rəğmən, bəzi bələdiyyələr öz işlərini günün tələbləri səviyyəsində qurmağı bacarmırlar”.

Müsahibimiz daha sonra bildirdi ki, rəhbərlik etdiyi Birinci Nügədi bələdiyyəsinə Birinci Nügədi, Qaraçay, Mirzəqışlaq kəndləri daxildir: “Bələdiyyəmizə daxil olan bu yaşayış məntəqələrində 4 minə yaxın təsərrüfat var. Sakinlərin sayı isə 12 min nəfərdən çoxdur. Çalışırıq ki, öz işimizlə onların bizə göstərdikləri etimadı doğruldaq. Məqsədimiz sosial məsələlərin həllində dövlətimizə dayaq olmaqdır”.

Söhbət əsnasında öyrəndik ki, Birinci Nügədi bələdiyyəsi ilə “Taleh-AT” müəssisəsi arasında 759 min manatlıq müqavilə bağlanılıb. Müqaviləyə əsasən, Birinci Nügədidəki şəhidlər - İslam Kərimov, Ənvər Dostiyev və Nəbi Nağıyev adına küçələr, eləcə də Şəhidlər küçəsi başdan-başa asfaltlanacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Belə ki, şəhid İslam Kərimov adına küçədə 1400 metr məsafəyə asfalt döşənib. Yolun müasir tələblərə cavab verməsi də diqqətdən yayınmayıb. Belə ki, həmin yolun eni 6 metr təşkil edir. Bir sözlə, müəssisə tərəfindən burada 141 min manatlıq iş görülüb. Artıq bu vəsaitin 73 min manatı ödənilib. Onu da deyim ki, hələ 5000 metlik kənddaxili yollara da asfalt döşənməsi planımızdadır. Asfaltlama işlərini şəhidlərin adlarını daşıyan küçələrdən başlamağımıza gəldikdə isə... Çalışırıq ki, həmin məkanlar da onların adlarına layiq olsun”.

Bələdiyyə sədri, həmçinin qeyd etdi ki, bu ilin 9 ayında büdcəmizə 130 min manata yaxın vəsait daxil olub: “Kəndlərdə sosial məsələlərin həlli istiqamətində xeyli iş görmüşük. Belə ki, Mirzəqışlaq kəndinə gedən 2 kilometrlik yol qreyderlə hamarlanıb. Birinci Nügədidəki küçələrin çoxuna, o cümlədən Şixəli Qurbanov, Cəfər Cabbarlı, Şəhidlər küçələrinə çınqıl döşənib. Adı çəkilən yaşayış məntəqəsinin 5-ci məhəlləsində əhalinin içməli su sarıdan çətinlik çəkdiyini nəzərə alaraq, burada 25 tonluq su çəni quraşdırmışıq. Gələcəkdə görüləsi işlər çoxdur. Büdcəmiz möhkəmləndikcə, bu vəsaiti digər sosial problemlərin həllinə yönəldəcəyik”.

Şəhid İslam Kərimov adına küçənin sakinlərindən biri - Faiq Nəcəfov bizimlə söhbətində bildirdi ki, bələdiyyəmizin öz işini günün tələbləri səviyyəsində qurması kəndin sosial problemlərinin həllinə kömək edir.

Kənd sakini Bəxtiyar Mirzəyev isə hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Birinci Nügədi kəndində inşa olunan 760 şagird yerlik təhsil ocağından söz açdı. Bildirdi ki, şəhid Zəki Kərimov adına yeni məktəbin tikintisi kənd sakinləri  tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”