24 aprel 2019 15:59
922

Məşhur britaniyalı müğənni Bakıda konsert verəcək

Məşhur britaniyalı müğənni Cessi Cey Formula 1 SOCAR Azərbaycan Qran Prisində çıxış edəcək

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin yarış həftəsonunun şənbə günündə - aprelin 27-də səhhətinə görə konsert proqramını ləğv etməli olan Sem Smiti həmin gün “Price Tag”, “Domino” və “Bang Bang” kimi hit mahnıları ilə tanınan və albomları milyonlarla satılan Cessi Cey əvəz edəcək.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən (BŞH) AZƏRTAC-a bildiriblər ki, “Baku Crystal Hall”da baş tutacaq konsert Formula 1 yarış həftəsonunun əyləncə proqramına daha bir möhtəşəm ad əlavə edəcək.

Britaniyalı müğənninin “Who You Are” albomu milyonlarla satılıb və ona “BRITS Critics’ Choice” mükafatını qazandırıb. Bundan sonra sənət fəaliyyətinə bir qədər fasilə verən Cessi Cey yalnız altı il sonra öz etiraflarını bölüşdüyü “R.O.S.E” albomunu çıxarıb.

Musiqiçinin Don Diablo ilə ifa etdiyi “Brave” adlı ən son sinql isə aprelin 26-da buraxılacaq.

Bütün bilet sahibləri “Baku Crystal Hall”da dünya ulduzlarının iştirakı ilə keçiriləcək axşam konsertlərini pulsuz izləyə biləcəklər. Tamaşaçıların Bakı şəhər halqasından “Baku Crystal Hall”a gediş və gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.