27 yanvar 2020 19:44
1352

Məşhur Məmmədov: Təklif proqramı hazırlamışıq

Ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Belə görüşlərdən biri də dünən 70 saylı Masallı seçki dairəsindən namizədliyi irəli sürülən Məşhur Məmmədovun iştirakı ilə YAP Masallı rayon təşkilatının inzibati binasında rayon ziyalıları ilə keçirilib.

YAP Mərkəzi Seçki Qərargahı Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev çıxış edərək VI çağırış Milli Məclisə növbədənkənar seçkilərdə namizədliyi irəli sürülən Məşhur Məmmədov haqqında seçicilərə ətraflı məlumat verib.

S. Əliyev ötən müddət ərzində ölkəmizdə və Masallıda görülən işlərdən, ən ucqar kənddə belə yaradılan şəraitdən söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin fərmanlarına əsasən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair son illərdə qəbul olunmuş Dövlət proqramlarının icrasının vaxtında və tam həcmdə yerinə yetirilməsi ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına böyük təkan verib: “Bundan başqa, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə əməkhaqqı və təqaüd sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və ölkənin gələcək dövrdə sosial-iqtisadi inkişafı üçün digər strateji əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi xüsusilə vurğulanmalıdır”.

Seçicilər qarşısında çıxış edən Məşhur Məmmədov Milli Məclisə üzv seçilərsə görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirilməsi üçün daim çalışacağından danışıb. Millət vəkilliyinin şərəfli bir iş olduğunu qeyd edən YAP-ın namizədi seçicilərin  etimadını qazanacağı halda xalqın qayğıları ilə yaşayıb insanların təkliflərini Milli Məclisin tribunasından səsləndirəcəyini bildirib: “Bu səbəbdən də çalışacam ki, seçki prosesində çox fəal olum, sizinlə davamlı görüşüm, fikirlərinizin, problemlərinizin sizinlə birlikdə, sizin iştirakınızla həll edilməsinə səy göstərim”.

Təhsil sisteminin inkişafının vacibliyini xüsusilə vurğulayan namizəd bildirib ki, rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, ən vacib məsələ savadlı kadrların hazırlanmasıdır: “Bilirsiniz ki, hər millətin gələcəyi təhsildən asılıdır. Təhsili olmayan millət heç bir irəliləyişə nail ola bilməz və əksinə illər keçdikcə daha da çılızlaşar. Bu gün Masallıda müəyyən mənada müəllim çatışmazlığı var. Məhz bu istiqamətdə biz müəyyən bir təklif proqramı hazırlamışıq. Allahın izni ilə deputat olsam da, olmasam da bu  proqramı icra etməkdə qəti qərarlıyıq. Belə ki, qarşıdakı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ödənişli əsaslarla təhsil alan Masallı sakinlərinin illik ödənişlərinin tərəfimizdən qarşılanmasına, ödənişsiz əsaslarla oxuyanlara isə müəyyən məbləğdə təqaüdlərin verilməsinə çalışacağıq. Təbii ki, bu, hər kəsə deyil, yaxşı qiymətlərlə oxuyan, fəallığı ilə seçilən tələbələrə şamil olunacaq. Yuxarıda da qeyd etdiyim kimi, məqsəd Masallı məktəblərinin savadlı müəllim kadrlarla təmin olunmasıdır”.

Taleh Bağırov, “İki sahil”