19 mart 2019 15:21
1052

«Məzun evi»nin sakinlərinə bayram sovqatı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyi və kollektivi xalqımızın bütün əziz bayramlarında öz sevincini ehtiyacı olan ailələrlə bölüşür. Novruz bayramında da bu ənənə davam etdirilib. Belə ki, Agentliyin kollektivinin təmsilçiləri Novruz bayramı ərəfəsində Masazır qəsəbəsində dövlət uşaq müəssisələrinin məzunları üçün salınan «Məzun evi» Sosial Müəssisəsində olublar.

Burada təşkil olunan xeyriyyə tədbirində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanist təşəbbüsü ilə inşa olunan sosial müəssisədə dövlət uşaq müəssisələrinin məzunları üçün yaradılan şəraitdən danışılıb. Diqqətə çatdırılıb ki, burada mənzillə təmin edilən məzunlardan 40 nəfərdən çoxu əlilliyi olan insanlardır. İki yaşayış binasında 206 nəfər gənc yeni mənzillə təmin edilib. Onların bir hissəsi buraya köçürüldükdən sonra ailə qurub və indi həmin ailələrdə yüzdən çox uşaq böyüyür. 

AAYDA rəhbərliyinin bayram təbriklərini çatdıran Agentliyin aparatın rəhbəri Tariyel Pənahov  qeyd edib ki, ölkəmizdə müvafiq təbəqədən olan digər vətəndaşlar kimi, uşaq müəssisələrinin məzunlarının da sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası yönündə müvafiq işlər aparılır. Qeyd olunub ki, «Məzun evi»nin fəaliyyət göstərməsi həyata keçirilən uğurlu sosial siyasət kursunun hər bir vətəndaşın, o cümlədən valideynlərini itirən və valideyn himayəsindən məhrum gənclərin rifahına verilən təminatın əyani təzahürüdür. 

Xeyriyyə tədbirində «Məzun evi» Sosial Müəssisəsinin sakinlərinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılıb. «Məzun evi»nin sakinləri isə öz növbəsində bu əziz bayram münasibəti ilə  təşkil olunan xeyriyə tədbirini, bu xoş məramı dövlətin onlara qayğısı kimi qiymətləndiriblər.

Orxan Vahidoğlu, «İki sahil»