19 yanvar 2021 15:56
834

MİDA və YAP Nəsimi rayon təşkilatı birgə sosial aksiya keçiriblər FOTO

Bu il ilk dəfədir ki, 20 Yanvar şəhidlərimizin anım günü torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır.

"İki sahil" xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin yaydığı məlumatda deyilir. 

Bildirilib ki, hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş birgə yardım aksiyası təşkil edib.

Aksiya zamanı Nəsimi rayonu ərazisində yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri ziyarət edilib, onlara ərzaq yardımı paylanılıb. Bəzi şəhid ailələri və 20 Yanvar qaziləri ilə isə karantin qaydaları nəzərə alınmaqla YAP Nəsimi rayon təşkilatında görüş keçirilmişdir. Aksiya Nəsimi rayon ərazisində yaşayan 40 şəhid və qazi ailəsini əhatə edib.