21 sentyabr 2020 13:59
711

Millət vəkili icra başçısi ilə birgə şəhid bulağının açılışında iştirak edib

Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilən Anar Məmmədov seçicilərinin suallarını cavablandırmaq, təkliflərini və problemlərini dinləmək məqsədilə mütəmadi olaraq Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə sakinlərlə görüşlər keçirir, onları narahat edən məsələləri operativ şəkildə həll edir.

Növbəti dəfə Milli Məclisin deputatı Anar Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Hazırəhmədli kəndində şəhid Turab Məmmədovun anası Bəyaz Məmmədovanın evində olub, şəhid ailəsinin problemlərini dinləyiblər.

Anar Məmmədov eyni zamanda şəhid Turab Məmmədovun və şəhid Vüsal Əliyevin adını daşıyan bulağın açılışında iştirak edib. Əvvəlcə şəhidlərin ruhuna dua oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışı olub. 

Daha sonra A.Məmmədov və Rayon İcra Hakimiyyətinin başçısı bir qrup kənd sakinləri, ağsaqqallar və ziyalılarla görüşüb, kəndin mövcud problemləri ilə maraqlanıb, səsləndirilən məsələlərin həlli istiqamətində birgə müzakirələr aparıblar.  

Sonda şəhid anası və sakinlər göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

Orxan Vahidoğlu, “İki sahil”