09 dekabr 2019 20:24
1154

“Milli demokrat”ların antimilli, qeyri-demokratik istəkləri

Özlərini “milli demokrat” adlandıran” destruktiv qüvvələr, Avropa Liberal Demokrat İttifaqına qatılmaqla dəyərlərini itirənlər, bütün qitələrdə özlərinə himayədar axtarışında olanlar, ermənilərlə belə separat danışıqlara gedənlər sosial bazalarını, ictimai dəstəyi Azərbaycan xalqı arasında deyil, xaricilərin kiflənmiş, böcək basmış mətbəxlərində axtaranlar, qrant naminə milli təəssüblərini satanlar, müstəqilliyimizi istəməyən qüvvələrə nökərçilik edən düşərgənin radikal kəsimi illərdən bəridir ki, sağalmayan satqınlıq xəstəliyindən əziyyət çəkirlər. Milli mənafelərə, ümumi və strateji maraqlara çox asanlıqla arxa çevirərək, dövlətçiliyə qarşı xəyanət edən əsas siyasi qruplardan olan Müsavat və AXCP yetkililərinin ümumi xorunun nəqarəti yalnız pula hərislik notlarından ibarətdir.

Hələ komsomol yaşlarından xəyanəti fəaliyyət prinsipi kimi xarakterində “təkmilləşdirən”, ustad hesab etdiyi Əbülfəz Elçibəyin yaratdığı partiyanı dağıtmaqla, Xalq Cəbhəsinin mirasına sahib çıxmaqla özünə yol açan, AXC-nin möhürünü özəlləşdirən AXCP sədri Əli Kərimli “təcrübəsini” sonralar başqa istiqamətlərdə də sınadı.” Azərbaycan dövlətinə, xalqına, milli maraqlarımıza, təmsil olunduğu düşərgədəki həmfikirlərinə qarşı istifadə etdi. Yaxınlarının da qeyd etdikləri kimi, Əbülfəz Elçibəyi zəhərləyən Əli Kərimlinin ta əvvəldən, iddiası, istəyi, məramı ana müxalifət adına sahib olmaqdır. Bunun üçün özünə partiya yaradan, əzəli rəqibi olan Müsavata qarşı təxribatlar, aparan, dini radikalizmi təbliğ edən, lazımi məqamlarda ermənilərə “dayı” deyən Əli Kərimlinin özünü düşərgənin real subyekti kimi təqdim etməsi gülünc, səviyyəsizlik və şəxsiyyətsizlikdir. Siyasəti sağlam müxalifətçilik zehniyyəti ilə təhlil etmək bacarığından məhrum olan bu intriqabazın əsas ideyası ölkədə aparılan islahatlara qara yaxmaq, milli dəyər və məfkurəmizə zidd ritorikaları ilə Azərbaycanda böyük vüsətlə gerçəkləşən və son zamanlar daha da intensivləşən islahatlara hər addımbaşı kölgə salmaqdır.

Xarici ölkələrdə formalaşdırdığı anti-Azərbaycan şəbəkəni, “beşinci kolon”u” reallıqdan uzaq, daxili aləminin inikası olan qara niyyətləri ilə rəngləyən, dövlətə və xalqa ənənəvi yad münasibətini hər zaman bildirən, yolunu azan, ölkədə mövcud olan seçki məntəqələrinin sayından da az olan ətrafını özü üçün elektorat, sosial baza hesab edən “islahatçı” sədr adından fərqli olaraq köhnə təfəkkürlü, buqələmun xisləti ilə tanınır. Dara düşəndə şəhidlərdən, evləri sökülənlərdən istifadə edən Əli Kərimli xalqımızın xüsusi həssaslıq nümayiş etdirdiyi 20 Yanvar faciəsinin ildönümü günündə Şəhidlər Xiyabanına ziyarətə gələn insanların qarşısına keçib, öz ətrafında izdiham görüntüsü yaratmaqdan da çəkinmir.

Gürcüstanın, Ukraynanın, Suriyanın “inqilab təcrübə”si”ni Azərbaycana idxal etmək istəyən Əli Kərimli ilə başqan Arif Hacılının təmsil olunduqları AXC-Müsavat hakimiyyəti dövründə hökm sürən dərəbəylik, dövləti talanetmə, total korrupsiya və rüşvət faktlarını heç kim unutmayıb. O dövrdə keçirilən müşavirələrdə aparılan müzakirələrin mətbuatda yayılan stenoqramından belə xəcalət çəkməyən sədrlə başqanın ölkənin ağır günlərində xalqı və dövləti düşmən qarşısında taleyin ümidinə buraxıb aradan çıxmaları, üzləşdikləri siyasi iflas üçün biri-birini günahlandırmaları düşərgədə illərdən bəri mövcud olan inamsızlığın göstəricisidir. Başqa cür də ola bilməzdi. Çünki proseslərin təməlində lakmus kağızı kimi anında rəngini dəyişən Əli Kərimli amili dayanırdı.

Mövsümi ticarətlə məşğul olandan, karyerist komsomolçudan, savadsız aspirantdan, Naxçıvana desant göndərən, qoçu dəstəsi saxlayanlardan, prokuroru girov götürülənlərdən və digər səbatsızlardan ibarət formalaşan AXC-Müsavat iqtidarının yaddaqalan məqamları insanların çörək növbəsinə durmaları, tramvay xətlərinin satılması, dövlət büdcəsinin dağıdılması, torpaqlarımızın işğalı, vətəndaş müharibəsi üçün şəraitin yaradılmasıdır. 

İllərdən sonra da tarixin onlara verdiyi qeyri-kafi qiymətdən xəcalət çəkməyərək yenidən hakimiyyətə gəlmək iştahası Əli Kərimli və Arif Hacılının özlərinə kənardan baxmaq duyğularından da kənar olduqlarını bildirir. Boğazlarına qədər cinayətə bulaşan, xarici ölkələrdə agent şəbəkəsi formalaşdıran, ayaq basdıqları torpağa xəyanət edən, “ mühacir bazarı”nın satqın, bivec “məhsullarına” qazanc mənbəyi kimi baxan sədrlə başqanın ölkədə aparılan geniş, əhatəli islahatlara qara yaxmaları onların işıqdan qorxan qəlblərinin qaralığından qaynaqlanır.

Milli Məclisin buraxılmasına, növbədənkənar parlament seçkilərinə özlərinə xas qərəzlə  yanaşan, partiyalarında sabitlik yaratmaqda çətinlik çəkən Əli Kərimli ilə Arif Hacılının iqtidara gəlmək iddiaları  bütün siyasi kampaniyalar ərəfəsində sadiq qaldıqları, xəyanətdən yoğrulan “yaxınlaşma ənənələrinin” təkrarıdır.

Sosial bazaları olmadığı üçün seçkiləri boykot edəcəyi kimi qeyri-demokratik fikirlər səsləndirən AXCP sədri keçi suyu bulandarmağa oxşayan fikirləri ilə məğlubiyyətini təsdiqləyir. Siyasi mübarizə üçün sosial bazaları olmadığı üçün parlament seçkilərində uduzacaqlarını aydın başa düşən Əli Kərimli və digər partiyalar nə qədər blok, birlik yaratsalar da, son məqamda birincilik uğrunda başqasına güzəştə getmədikləri üçün daxili çirkinlərini büruzə verirlər. Sədrlə başqanın təkəbbürü üzündən “dağılan tifaq” təsəvvürü yaradan bloklar separat danışıqlarla əvəzlənir. Tarixdə bir neçə dəfə baş verən bu cür məğlubiyyətlərini xatırlamaq istəməyən dağıdıcılar respublikamızda aparılan islahatlara qara yaxdıqları kimi, parlament seçkiləri ilə bağlı  həqiqətə uyğun olmayan iddialar səsləndirməkdə də yanılırlar. Unudurlar ki, bütün siyasi kampaniyalarda xalqın etimadını qazanmayaraq “qutuda” qalan siyasətbazların nəsibi olan boykotla 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə də üzləşəcəklər.

Azərbaycan xalqı bu dəfə də ölkədə aparılan islahatların davamına tərəfdar olduqlarını bildirəcək, dünya liderləri arasında ön sırada dayanan Prezident İlham Əliyevin sadiq qaldığı siyasətə, ulu öndər Heydər Əliyevin ideyalarına səs verəcək. O ideyalar ki, Azərbaycanı ən qüdrətli dövlət sırasına yüksəldib. Ölkəmizi bütün dünya xalqlarının siyasi, iqtisadi, humanitar tribunasına, platformasına çevirib. Son illərdə ən mühüm tədbirlərin, aktual məsələlərin müzakirə olunduğu Azərbaycanda dünya xalqlarını birliyə, həmrəyliyə dəvət edən çağırışların hər biri qardaşlıq və tərəfdaşlıq simvoludur. AXC-Müsavat iqtidarı dövründə gizli yollarla Ermənistana satılan Azərbaycan nefti  bu gün enerji layihələrində iştirak edən tərəfdaşların iqtisadi inkişafına xidmət edir. Nəqliyyat , kommunikasıya layihələri uzaqları yaxın etməklə, insanlara rifah bəxş edir. Azərbaycan xalqı 9 fevralda biri-birindən əhəmiyyətli yeniliklərə səs verməklə, ölkəmizi dünyada tanıdan Prezident İlham Əliyev siyasətinə etimadın sonsuzluğunu həmrəylikləri ilə bildirəcəklər.  Əli Kərimli ilə Arif Hacılını qorxudan da bu birliyin əbədiliyi və sarsılmazlığıdır.

Xuraman İsmayılqızı, “İki sahil”