08 oktyabr 2020 10:14
1777

Milli  kimliyimizə və dövlətçiliyimizə qarşı yönəlmiş erməni məkrinin ifşası

(Mövlud Süleymanlının “Erməni adındakı hərflər” romanı, “Teymurlar”  povesti  əsasında)

Türk  tarixçisi və mədəniyyətşünası İbrahim Qəfəsoğlu yazır: “Sinəsində əbədi həqiqət cövhərini qoruyub saxlayan milliyyətçilik duyğusu insanlıq deyilən ortamda cücərir, hak ilə böyüyər, hürriyət adlı çiçəklər verir... Qurtuluş yolunu arayan millətlər milliyətçilik izində addımlamağa məcburdur”.  Bu fikirlər sağlam milliyyətçilik duyğusunun təzahürüdür. Bir də XX əsr boyunca xəyanəti ilə üzləşdiyimiz, milliyyətçilik düşüncəsinin fərqli  psixoloji-patoloji mahiyyətini gördüyümüz mənfur qonşularımızın şovinizmi var ki, o da milli kimliyimizə və dövlətçiliyimizə qarşı yönəlmişdir. Milli kimlik bir millətin özünəxas düşüncə, yaşayış tərzi,dil, adət-ənənəsi, dəyərləri və qanunlarıdır.

Ən yeni Azərbaycan ədəbiyyatında xalqımızın  adət-ənənəsi, etnoqrafiyası və yaşadığı xəyanətin bədii ifadəsi Xalq yazıçısı M.Süleymanlının  əsərlərində  öz əksini tapmışdır. 2012-ci ildə Mövlud Süleymanlının  “And olsun əsrə...” adlı kitabı işıq üzü görür. Kitaba müəllifin  “Erməni adındakı hərflər”  romanı, “Teymurlar”  povesti  və “Yer üzünə məktub” tarixi-fəlsəfi-etnoqrafik yaşantılar  adlı  əsərləri daxil edilmişdi.

“Erməni adındakı hərflər”  romanı  XX əsr boyunca yaşadığımız  xəyanətlərdən və  unudulmuş və ya unutdurulmuş tarixin acı gerçəkliklərindən  yol alan yeni bir Köçdən bəhs edir. Bu köç soydaşlarımızın ata-baba torpaqlarından öncələri min bir hiyləylə (obalarımızın, ellərimizin ad dəyişimi, bəlli ərazilərin Ermənistana verilməsi), sonra imperiyanın zəifləməsindən istifadə edərək xalqımıza qarşı soyqırım siyasəti (Xocalı soyqırımı) ilə baş verir. “Sonun başlanğıcı”nda  M.Süleymanlı bu coğrafiyanın sərhədlərini göz önünə gətirir: Ağbaba bölgəsi, Amasiya, Şirak-Sirak ovalığı, axıska türklərinin boş qalmış torpaqları, Çubuqlu yaylası, Dərələyiz, Vedibasar, Göyçə, Uluxanlı, Zəngəzur kimi bu gün itirdiyimiz torpaqlarımızın adını sadalayır. Müəllifin “...Elə xalqlar var ki, haralı olduğu bilinməz, bilməzsən aran adamıdı, dağ adamıdı. Erməni nə aran adamına oxşayır, nə dağ adamına.... Yoxsa türk, başını qaldıran kimi tanıyırsan, saz heç, saz onun qapısıdı, dünya üzünə o qapıdan  keçib gəlib” kimi fikirləri milli kimlik məsələsini qabardır. Əsərin əvvəlində tələbə İmirlinin dediyi bu fikirlər mətnin bütün laylarına paylanır. Müəllif təhkiyəsini otuzuncu illərin axırından başlayır - Moskvanın tapşırığı ilə akademik Acaryanla Balacahunlunun  oxuya bilmədikləri nə gürcü, nə erməni dilində olmayan yazılı daş abidələr uçurdulandan Qafqazda qədim türk əlifbası ilə yazılan tarixin “üstündən otuzuncu illərin arabaları keçdi, otuzuncu illərin otu bitib, suyu axdı...”. Müsəlmanın sonrakı ağlı  qırx ildən sonra “o tikili kafir tikilisiyisə, erməni niyə yıxırdı” sualı ilə ortaya çıxır.

M.Süleymanlı  “Erməni adındakı hərflər”  romanda ilk dəfə söz açdığı zamanı konkretləşdirir, otuzuncu illərin sonu, yetmişinci illərin sonu, səksən səkkizinci ilin yaz aylarından bəhs edir. Romanda hadisələr vahid  bir  mövzu ətrafında birləşsə də, ayrı-ayrı başlıqlara bölünür. Burada müəllifin yaradıcılığında hər zaman sadiq qaldığı dastan poetikası  özünü büruzə verir. “Ölümün şəkli” səksəninci illərində başlayan təmizlənmə işlərinin  əvvəli idi. Bu hərəkatın  əvvəli unudulmuş və unutduğumuz tarixlə başladı. “Onlar unutdular, ona ğörə də indi bilmirlər ki, oğuz nədi, hun nədi, sak-sakat nədi, heç türkün  nə olduğunu düz-əməlli bilmirlər. Bunları yaddaşlarından siliblər, yaddaşları boşdu, yurdlarını boşaldacaqlar”. Müəllif bu yaddaşsızlığı düşmənin dilindən verir və diqqətləri ermənilərin bu gün bütün dünyaya “Böyük Ermənistan” deyə bəhs etdiyi torpaqların qədim tarixinə yönəldir. Qafqaz Albaniyasının tarixi və mədəniyyəti üzərindən tarix yazan erməni millətçiliyin səsini  romanda Siranuşun “Erməni adındakı hərflərin min qat sayı qədərində hamı ölüb dirilməlidi ki, Ermənistan yaşasın...”   sözləri daha aydın izah edir.  “Avropa iti”   adlı başlıqda  sazı yerdən tüfəng kimi götürən Aşıq Ayvaz , erməni Civanın Fransadan gəlmə iti ilə boğuşmayan Qarakəllə iti  münasibətlərin son həddinə işarədir. Yazıçı bu süjetləri 1988-ci ildə qələmə aldığı “İt dərisi”   və “Ağacan” hekayələrində də  təsvir etmişdi. Hadisələrin əsas nəqli “Yaddaş qəlpələri” ndən başlayır. “Yetmişinci illərin teleqramı...”, “Vətəni olan türklər...” İmirxanlı yenidən doğma kəndinə qayıdır. “Vətən duyğularla qurulur, ya da Vətən də ata-anası varmış kimi doğulur, böyüyür, oğlu-uşağıtək daşına, qayasına, dağına, dərəsinə, suyuna, dənizinə ad verilir. Ona görə də vətənin öz dili olur”. Yazıçının vətən anlayışı ilə dərin yığan Apedin “harda çörək var, ora vətəndi” atalar məsəli arasındakı fərq əslində hər iki xalqın  milli kimliyini ortaya çıxaran önəmli faktorlardan biridi, “İpə sərılmış tarix...”in kökləri, Apedin ağacdan asılan  tarix səhifələri yeni tarix yaratmaqdan başqa bir şey deyildi. Ancaq Aped Aşıq Ayvazdan  hamının “Əsli və Kərəm”  bildiyi dastanı əvvəlki adıyla  “Mahmud və Məryəm”i  oxumasını istəyir.  

Romanın etnoqrafik  detallarla zəngin olan  “Telək oyunu, yaxud, papağın quzu olması... “hissəsində  Qarakəlləoğlunu bazar meydanında balası ölmüş qoyuna”  bütün türk dünyasında anlaşılan  “qoyun sazı çalır”, onu yenidən bala doğurmuş kimi hala gətirir. “Papağa ruh hopdurdu bu tərəkəmə, içini çölə tökdü qoyunun, ruha gəldi...”yini  düşünən  Ulubabyan  Qarakəlləoğlunu şaman adlandırır, heyrət dolu nifrətlə  düşünür, “Gör dağlara necə baxır, elə bil atasıdı...” . Elə bu hissədə yazıçı “türk  daha çox təbiət hadisəsi  kimidi”   cümləsi ilə yazıçı düşmənin dili ilə mənsub olduğu etnosun təbiəti və milli kimliyini ifadə edir. Burada, həmçinin Aşıq Ayvazın şiş papağının  saklardan qalması  və elə saz kimi tarixlə  bağlaşdırılması  düşməni qıcıqlandırırdı. Elə bu güc idi Aşıq Ayvaz alnından axan qana məhəl qoymadan ermənilərin üstünə gedirdi,  “ağrı hiss eləmirdi, heç qorxusu da yox idi artıq, çünki Ayvazın aşıqlığı tutmuşdu, aşıqlığı tutanda özündən şeirlər deyirdi”.

İmirxanlının  xalq, millət anlayışına münasibəti və otuz yeddinci ildə özünə  türk dediyi üçün sürgün edilən atanın oğlu olan akademik Balacahunlu ilə “Auditoriya azadlığı...” və “Badam ağacının kölgəsindəki akademik...” hissəsində yaxından  tanış oluruq. Romanın son hissələrindən  “Yağ oğurluğu”  və “Yer dəyişmə” də hər iki xalqın milli xarakterini bütün incəlikləri ilə açılır. Qaçanın da, qovanın da Allah dediyi bir vaxtda hər kəsin xisləti sonuna qədər açılır.

M.Süleymanlının  2009-2010 -cu illərdə qələmə aldığı “Teymurlar” povestində əsas aparıcı obraz  su kimi axan  Vaxt və Teymurlardır.  “Su başlanğıcdı, vaxt kimi, ömür-gün kimi həmişə yanımızdadı, daha doğrusunu  desək, suyu da vaxt kimi yaşayırıq, gecə-gündüz  üzümüzə necə açılırsa, su da elə açılır, suyu da addayırıq vaxtı addadığımıztək, keçib gedirik...”. Yazıçı su kimi addayıb keçdiyimiz  Vaxtın - dünənin və bu günün tən orta yerində dayanan İnsana və ya bütünlükdə insanlığa mesaj verir. Dünənlə, keçmişlə, min illik ənənələri ilə bağlarını qopararaq, modernləşən, qloballaşan insan  fərdilikdən çıxıb ümuminin içində əriyib yox olanda Teymurlar sayca çoxalır, kəmiyyət keyfiyyətə keçid etmir. M.Süleymanlı  “Teymurlar” povestində yaddaş problemi yaşayan toplumun əsrlər boyu davam edən faciəsini yeni interpretasiyada təqdim edir. Mətnə  “sevilən”  və “söyülən”  suyun fərqli rəng çalarına malik olması fikri ilə başlayan yazıçının qəhrəmanları  yenə də unutqanlıqları ilə diqqət çəkir. Cənazəsi gətirilən Teymurun kimliyini araşdıran qəhrəman əslində uzaq yaddaşının izinə düşür - bioloq  Teymur, şahmatçı Teymur, İmirxanlı Teymur, Əmir Teymur, bacısı oğlu Teymur, onun müsəlman və erməni qızından olan oğlanları Teymurlar, sürücü Teymur. Bütün Teymurları bir araya gətirən və rəngini dəyişən sular kimi fərqli olan vaxt hər kəsi öz rəngində təqdim edir. Dəyişməyən yalnız yazıçının qəhrəmanları və tarixə münasibətidir. M.Süleymanlının əsərlərində obraz, süjet və motivin təkrarlanmasının şahidi oluruq. Bu yanaşma müəllifin yaradıcılığına məxsus olan,  özünü təkrarlaması deyil, bu sabit süjet və motivlərdən yazıçının aparıcı ideyasının təqdimatında istifadə etdiyi üslub özəlliyidir. Bu baxımdan “Teymurlar” povestindəki obraz və motivlər daşıdığı funksiya etibarilə M.Süleymanlının “Köç”, “Ceviz qurdu”,  “Səs”, “Erməni adındakı hərflər”  romanlarında, “Dəyirman “ “Şeytan”, “Yel Əhmədin  bəyliyi” povestlərindəki əsas xətti   davam etdirir  və xalqımızın minillik tarixi, milli kimliyi, ənənəsi, mifoloji təfəkküründə yer alan obrazları, motivləri, dastan yaradıcılığının strukturuna və təhkiyəsinə dayanaraq  bu günə və gələcəyə istiqamətlənir.   Anasının qorxusundan atasının dilində danışa bilməyən Teymur Məmmədovun timsalında yazıçı XX əsrdə yaşadığımız  milli faciəmizin köklərini nəsillər arasında əlaqənin itməsində, kontuziyaya uğramış tarix yaddaşımızla bağlayır. Teymur Məmmədovun rus dili bilməyən kəndli qızla evlənməsini və əkiz oğlanlarının ikisinə də Teymur adını verməsini  eşıdən qəhrəman “Görəsən indi uşaqlarıyla nə dildə danışır, yoxsa  yenə susurmu...”  deyə sual edir.

“Teymurlar” povestində 1988-ci ildə kəndin üstünə ermənilər hücum edəndə Sazı başının üstündə yellədib camaatı ayağa qaldıran tarixinə və etnosuna bağlı  İmirxanlı Teymur obrazını müəllif  sadəcə səsinin ahəngini deyil, mahiyyətini  belə  təsvir edir: “Teymurun səsi güclüydü, heç nə deməsə də anlaşılandı, içi doludu, daha çox deyilməmiş, işlənməmiş səslərlə dolu; yəni, bu səsin içində özünə gəlmək vardı, ona görə də ağızdan çıxan kimi sümüyə işlədi”. Əli silah tutan hər kəsin evdən sazını alıb düşmən üzərinə yeriməsi  “sazın adam kimi dar ağacından”  asılmasına səbəb oldu.

Əmir Teymuru da xatırlayan müəllif  həm məlum televiziya tamaşasından və  Azərbaycan səhnəsinin dramatik obrazların mahir ifaçısı Fuad Poladovun yaratdığı obrazdan söz açır. Bədii mətnə vizual sənətin obrazından və məlum mətndən rezonanslar edir: “... Əmir Teymurdan soruşurdular: “Sənin dəri yığanların niyə erməni olub?” Cavabı beləydi. “Çox  aradım, axtardım, gördüm erməni kimi dərini hiss eləyən yoxdu...” .  Bu müasir ədəbiyyatşünaslıqda tez-tez müraciət olunan intertekstuallıq və ya ədəbiyyatın genetik yaddaşı ilə bağlı detal, həm də müəllifin özünün   əvvəlki bədii mətnlərindən xatırlatmalardır. “Teymurlar” povestindəki  Əmir Teymurla bağlı olan  detal müəllifin “Erməni adındakı hərflər” romanında türk kəndlərindən üzərinə “SKİZBUNK” (başlanğıc)  yazılan arabası ilə dəri yığan Apedi  xatırladır.  Povestdə belə xatırlatmaları   peçeneqlər və Mamay haqqında da izləmək olur.  “İndinin uşaqları daha çox içində yaşadığı vaxta oxşayır” - deyən müəllif  Vaxtın obrazını belə yaradır:  “Vaxtın öz dili var, amma gərək vaxtı düz anlaya biləsən, yalanını, gerçəyini başa düşəsən, vaxt aldada bilir adamı; al diliylə aldadıb aparır, o yerlərə aparır ki, bir də qayıda bilmirsən...”.  Vaxtın bir obraz  qədər canlı verilməsinin səbəbini müəllif  belə açıqlayır: “... vaxt əslində elə Teymurun ozüdü, Mənəm, bioloq Teymurdu, rus Teymurdu, o, əkiz oğlu olan, şahmatçı... bütün insanlardı, Vaxt...” .

“Teymurlar”  povesti müəllifin  yaradıcılığının bütün mərhələlərində qarşılaşdığımız  əsas ideyanı, tarixinə, keçmişinə, mədəniyyətinə  sahibçıxma və bir xalqın gələcəyini təmin edən ənənəyə sədaqət məsələlərini davam və inkişaf  etdirir. Berdyayev yazır ki, ənənəvi olan nə  varsa hamısı millidir.

“Azərbaycan xalqının milli sərvəti və intellektual mülkiyyəti eyni zamanda Azərbaycanın ədəbiyyatıdır və mədəniyyətidir” -deyən və Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan ümummilli lider Heydər Əliyev xalqımızın adət-ənənəsinə, mədəniyyətinə, söz sənətinə olan sadiqliyindəndir ki, 1992-ci ildə Türkdilli Dövlətlər Birliyinin yaranmasını  Dədə Qorqud vəsiyyətinin yerinə yetirilməsinin parlaq nümunəsi sayırdı. Böyük liderin “Yeni əsrə, yeni minilliyə biz Qorqud irsinin bayrağı altında, Qorqud övladları kimi,  Qorqud mənəviyyatını yaşadan insanlar kimi qədəm qoyuruq” sözləri isə minillik adət-ənənələrimizin, mədəniyyətimizin, ədəbiyyatımızın,  dövlətçiliyimizin qorunmasının qarantı idi.

Pərvanə Bəkirqızı,
Filologiya üzrə elmlər doktoru