24 noyabr 2020 20:25
694

Milli Məclis daha bir medalın təsis edilməsini müzakirə etdi

Gələn ildən plastik qablar istehsal edən müəssisələr cəzalandırılacaq

Milli Məclisin noyabrın 24- də keçirilən plenar iclasında çıxış edən parlamentin sədri Sahibə Qafarova bildirib ki, bu gün Ermənistan kimi işğalçı ölkənin üzərində qələbə çalan xalqımız, eyni zamanda, daha bir düşmənlə də mübarizə aparır. Bu koronavirus pandemiyasıdır.  Ona görə də bu düşmənə də qalib gəlmək üçün hamımız vətəndaş məsuliyyətimizi daha da artırmalıyıq. Çünki  son dövrlər koronavirusla bağlı vəziyyət gərginləşib.

Sədr koronavirusa yoluxan deputatlar haqqında da danışıb: «Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var. Xahiş edirəm ki, özünüzü qoruyun. Qarşıda bizi çox əhəmiyyətli günlər gözləyir. Tələb edirəm ki, qaydalara riayət edəsiniz. Bu mübarizədə də fəal iştirak etməliyik».

Plenar iclasın gündəliyindəki birinci məsələ Azərbaycan Respublikasının «Vətən Müharibəsi Qəhrəmanı» adının təsis edilməsi idi. «Vətən Müharibəsi Qəhrəmanı» adı haqqında Əsasnamədə qeyd olunub ki, Azərbaycan Respublikasının «Vətən Müharibəsi Qəhrəmanı» Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.  «Vətən Müharibəsi Qəhrəmanı» adının xüsusi fərqlənmə nişanı -«Vətən Müharibəsi Qəhrəmanı» Azərbaycan Respublikasının medalıdır. Bu medal döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır. Həmçinin  «Vətən Müharibəsi Qəhrəmanı» eyni şəxsə bir dəfə verilir. Bu adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. Eyni zamanda, «Vətən Müharibəsi Qəhrəmanı» adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir. Müzakirələrdən sonra Əsasnamə səsə qoyularaq qəbul edilib.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçiriləcək

Plenar iclasda müzakirə edilən digər məsələ «Dövlət qulluğu haqqında» qanun layihəsi oldu. Qanun layihəsinə görə, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək.

Həmçinin ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçularının, stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilməyəcək.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçiriləcək. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirmə forması əsasında aparılacaq. Qiymətləndirmə forması dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu tapşırıqlar (hədəflər) və qanunda göstərilən meyarlar, habelə əmək intizamı nəzərə alınmaqla tərtib ediləcək. Tapşırıqların (hədəflərin) və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən ediləcək.

Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçülü və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir.

Qanun layihəsində dövlət qulluqçusunun il ərzində fəaliyyətinin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də müəyyən edilib. Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50 faizi tapşırıqların (hədəflərin) icra vəziyyətinin qiymətləndirilməsinə; 40 faizi meyarlar əsasında qiymətləndirilməyə; 10 faizi  isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanacaq.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdiriləcək. Dövlət qulluqçusunun fəaliyyəti bütün tapşırıqlar (hədəflər), meyarlar, eləcə də əmək intizamı üzrə qiymətləndiriləcək və verilmiş qiymətlər əsaslandırılacaq. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə razılaşmadıqda xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənəd, onun rəyi əlavə edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işində saxlanılır.

Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçiriləcək.  Müsahibə zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunacaq. Müsahibə zamanı növbəti qiymətləndirilmə ili üçün tapşırıqlar (hədəflər) və onların mühümlük dərəcəsi müəyyən edilə bilər.

İclasda  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də müzakirə edilərək qəbul edilib

Sellofan torbalardan istifadə qadağan edilir

Sonra «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanuna əsasən, gələn ildən Azərbaycanda polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət qoyulacaq. Müzakirələrdə qeyd olunub ki, layihə Azərbaycan Prezidentinin 2019-cu il 7 fevral tarixli «Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı»na əsasən hazırlanıb. Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə tutur. Qeyd edilib ki, qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

İclasda, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də ikinci oxunuşda müzakirə edilib. Təklif olunan dəyişikliklər «Ətraf mühitin mühafizəsi haqqında» qanun layihəsinə edilən dəyişikliklərə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir.

Hər iki dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Elçin Zaman, «İki sahil»