22 sentyabr 2020 10:52
2081

Milli musiqimizi yaşadan dahi bəstəkar Üzeyir Hacıbəyov

Milli-mədəni dəyərlər hər bir xalqın formalaşması və inkişafında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqı da öz milli mənəvi dəyərləri – tarixi, milli mədəniyyəti, şifahi söz xəzinəsi, memarlıq abidələri, musiqisi, xalq mahnıları, bəstəkar əsərləri, ədəbiyyat və incəsənəti ilə dünya xalqları sırasında özunəməxsus şəkildə yer almış, daim seçilmişdir.

Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin tarixi də çox-çox qədim dövrlərdən xəbər verir. XX əsrin ortalarında Üzeyir Hacıbəyov özünün “Azərbaycan xalq musiqisinin əsasları” kitabında: “Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri dünyada məhşur olan iki nəfər Azərbaycan alimi, nəzəriyyəçi, musiqişünas Səfiəddin Əbdülmömin ibn Yusif əl Urməvi (XIII əsr) və  Əbdülqadir Marağai (XIV əsr) tutur”, - deyə yazırdı. Deməli XX əsrdə Azərbaycanda Səfiəddin Urməvinin ənənələri yaşayırdı və bu sahədə Üzeyir Hacıbəyov onun davamçısı olmuşdur. O, “Azərbaycan xalq musiqisinin əsasları” əsərinin “Tarixi məlumat” hissəsində qeyd edirdi: “Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü “bina” (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi: Əndəlisdən Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür. Musiqi binasının möhkəm təməlini təşkil edən on iki sütun on iki əsas muğamı, 6 bürc isə 6 avazı təmsil edirdi”. Hacıbəyova görə Azərbaycan xalqının musiqi sənəti də çox mütənasib və ciddi bir sistemə əsaslanır. Azərbaycan xalq musiqisinin bütün elmi-nəzəri məsələləri də öz əsasını bu sistemdən alır. Üzeyir Hacıbəyov XX əsrdə nəinki xalq musiqimizin əsaslarını müəyyən etmiş, onun ciddi qanunlara tabe olduğunu göstərmiş, həm də Şərqdə ilk muğam operası “Leyli və Məcnun” un yaradıcısı olmuşdur. Hal-hazırda Azərbaycanda elə musiqi janrı və musiqi forması tapmaq olmaz ki, bu və ya digər şəkildə musiqimizin klassiki Üzeyir Hacıbəyovun adıyla bağlı olmasın.

Müasir Azər­bay­can musiqişünaslığının əsasını qoy­an Üze­yir bəy xalq mu­si­qi­si üzərində də­rin el­mi təd­qi­qatlar apar­mışdır. Azər­bay­can lad­la­rı­nı Av­ro­pa­nın ma­jor-mi­nor sis­te­mi ilə üz­vi sü­rət­də birləşdirməklə, mil­li musiqimizin inkişafında müstəsna xid­mət­lər göstərmişdir. Şifahi xalq mu­si­qi sənətində möv­cud olan Azər­bay­can mil­li mu­si­qi­si­ni Qər­bi Avropa və rus bəstəkarlıq mək­təb­lə­ri­nin səviyyə­sin­də zən­gin­ləş­dir­mə­yə də müvəffəq olmuşlur. Dahi bəstəkarın yaradıcılığı çoxşaxəli idi. Onun hər hansı bir sahədə gördüyü işləri elmi-tədqiqat səviyyəsində göstərmək düzgün olar. Niyazi qeyd edirdi: “Hacıbəyovun yaradıcılığı onun bəstəkarlıq fəaliyyətindədir. Üzeyir dünya mədəniyyəti tarixinə, hər şeydən əvvəl, Şərqdə ilk operanın banisi kimi daxil olmuş və bu janrın ən nadir incilərini yaratmışdır...”. Şair Məhəmməd Fü­zu­li­nin eyniad­lı poe­ma­sı əsa­sın­da yaz­ılmış, mu­si­qi­si əsa­sən, muğam və təs­nif­lər­dən iba­rət olan “Ley­li və Məcnun” ope­ra­sı ilə Üzeyir bəy nəinki Azər­bay­can­da, elə­cə də bü­tün mü­səl­man Şərqində ope­ra sə­nə­ti­nin əsasını qo­y­­du. Bəstəkarın Azərbaycan Ope­ra və Ba­let Teatrında ta­ma­şa­ya qoyulan uğurlu əsərlərindən biri – “Koroğlu” operası xalq folk­lo­ru ru­hun­dan qi­da­lan­mış,­ aşıq mu­si­qi­si üs­lu­bun­da bəs­tə­lə­nmiş və ya­ra­dı­cı­lı­ğın­ın şah əsə­ri he­sab edilmişdir. Öz estetik istiqamətinə görə yeni olan incəsənəti bəstəkar milli musiqi mədəniyyətinin böyük tarixi təcrübəsinin bünövrəsi üzərində qurmaqla, bəstəkarlıq yaradıcılığının müvəffəqiyyətləri ilə inkişaf etdirmiş və zənginləşdirmişdir. Onun bəstəkarlıq və novator axtarışının əsasını hər şeydən əvvəl əsil xəlqilik və realizm  prinsipləri təşkil edirdi. Bəstəkarın misilsiz xidmətlərindən biri də “Azərbaycan xalq musiqisinin əsasları” əsərini ərsəyə gətirməsi olmuşdur. Bu elmi əsər muğamlarımız haqqında monumental bir tədqiqatdır. Dərslik kimi tədris olunan bu əsərdə 7 əsas və 3 əlavə muğamlarımızın inkişaf yolu təhlil olunmuşdur. Üzeyir bir bəstəkar olaraq əsərlərində xalq yaradıcılığı ilə yanaşı, dünya klassik musiqisindən də məharətlə istifadə etmişdir. O, “Leyli və Məcnun” operasında muğam və xalq mahnılarından istifadə etmişdirsə, “Koroğlu” operasının musiqisini isə başdan-başa muğam və xalq mahnılarımızın əsasında qurmuşdur. Onun yaradıcılığı incəsənət və xəlqilik uğrunda mübarizəyə həsr edilmişdir. Fikrət Əmirov bəstəkarla söhbətində: “Musiqini elə yazmaq lazımdır ki, xalq başa düşsün. Musiqi insanı heyran etməli və ruhlandırmalıdır...”. Doğurdanda Hacıbəyovun musiqisi gözəlliyi və həqiqi xəlqiliyi ilə adamı valeh edir. Xəlqilik dedikdə xalq musiqisinin ruhuna və üslubuna dərindən nüfuz etməyi, xalq musiqi dilinin xüsusiyyətlərini başa düşüb mənimsəməyi nəzərdə tutur, yəni xalq musiqisi nümunələrini kor-koranə köçürtməyin, təqlid etməyin əleyhinə idi.     

Bəstəkar milli operamızın, musiqili teatrın bünövrəsini qoyduğu kimi, yazıçı və jurnalist kimi də öz dəst-xəttilə seçilmişdir. Azərbaycan və rus dillərində dərc olunan dövrü mətbuatda məqalə, felyeton, resenziya, miniatür, səhnəcik, açıq məktub və s. formalarda yüzlərlə əsərini nəşr etdirmişdir. O, peşəkar jurnalist kimi bu sahənin sənət sirlərini, yaradıcılıq incəliklərini, nəzəri problemlərini çox yaxşı bilmiş, müxtəlif illərdə zəmanəsinin apa­rıcı qəzet və jurnallarında tərcüməçi və redaktor kimi fəaliyyət göstərmiş,   “Kas­pi”, “Hə­yat”, “Tə­rəq­qi”, “Tərcüman”, “İr­şad”, “İq­bal”, “Ye­ni iq­bal”, “Hə­qi­qət” qəzetlərin­də, elə­cə də “Mol­la Nəs­rəd­din” jur­na­lın­da “Ü.­Ha­cı­bə­yov”, “Ü­ze­yir”, “Y.”, “Fi­lan­kəs”, “Behmən­kəs”, “Bi­sa­vad”, “Namuslu”, “Or­dan-bur­dan­çı”, “Saqallı, hənalı filankəs”, “Sa­ray mü­di­ri Hacıbə­yov”, “A­dı Mol­la, özü Bəy fi­lan­kəs” və s. ki­mi giz­li im­za­lar­la xey­li mə­qa­lə, oçerk, fel­ye­ton və sati­rik mi­nia­tür­lər dərc etdirmişdir. Öz məqalə və felyetonlarında dövrünün mühüm ictimai-siyasi və maarifçilik məsələlərinə toxunur, xalqını maarifləndirmək uğrunda mübarizəyə aparırdı. Hacıbəyli jurnalistlərdən sadə, xalq dilində yazmağı tələb etdiyi kimi oxu­cu­lardan da həm jurnalist sözünə ciddi münasibət, həm də mətbuata hörmət, qəzet oxumağa həvəs, istək tələb edirdi: “Qəzet oxumaq, yəni dünyadan xəbəri olmaqla bərabər, bir də qəzetlərdə yazılan faydalı şeylərdən mənfəət götür­mək və ehtiyaclarımızın yolunu öyrənmək üçün savaddan başqa bir də ürəkdə bir dübr və şövq də lazımdır”.                     

Üzeyir bəyin yaradıcılığında musiqili dram sənəti də mühüm yer tutur. Onun musiqimizdəki rolunu Mirzə Fətəlinin dramaturgiyamızdakı mövqeyi ilə müqayisə etsək deyərik ki, M.F.Axundov Azərbaycan ədəbiyyatında dramaturgiyanın banisidirsə, Ü.Hacıbəyov professional musiqimizin ilk ustadıdır. Mirzə Fətəli rus və Avropa dramaturgiyasından böyük ustalıqla bəhrələnmişdirsə, Üzeyir kamil bir bəstəkar və musiqişünas alim kimi Azərbaycanın son dərəcə gözəl, məlahətli musiqisini rus və Avropa musiqisinin mütərəqqi ənənələri ilə üzvi şəkildə əlaqələndirmişdir. M.F.Axundov Şərq qadınını qara çadraya bürüyən, onun arzu və düşüncələrini islam dini əleyhinə açıq mübarizə aparmışdırsa, Ü.Hacıbəyov islamiyyətin qadına münasibətini musiqinin və ictimai satiranın dil ilə ifşa etmişdir. Əli Sultanlı Ü.Hacıbəyovun dramaturgiyasından bəhs edərkən: “O, məhz M.F.Axundovun və C.Məmmədquluzadənin dramaturji üslubunu izləyərək şuxluğu, məlahəti ilə hələ ədəbiyyat tariximizdə misli görünməmiş məzhəkələr yaratmışdır”- yazırdı. XX əsr Azərbaycan ədəbiyyatında fəaliyyəti ilə fərqlənən sənətkar Ü.Hacıbəyovun “Məşədi İbad”, “Arşın mal alan”, “O olmasın, bu olsun” , “Ər və arvad” musiqili komediyalarının əbədi həyat qazanması, dillər əzbəri olması bu fikri təsdiq edir.

Ü.Hacıbəyov ənənə və novatorluğu həmişə vəhdətdə götürür, “Musiqidə  xəlqilik” məqaləsində yazırdı: “Mən xalq musiqisini əsaslı sürətdə öyrənməyincə böyük əsərlər yazmağa tələsməmişəm”. Onun fikrincə, zəngin xalq ədəbiyyatına, klassik irsə, dünya ədəbiyyatına mükəmməl bələd olmayan, ondan yaradıcı şəkildə istifadə etməyi bacarmayan qələm sahibi ola bilməz.                      

Üze­yir bəy on­lar­la ta­nın­mış bəstəkarlar ifa­çı­lar nəs­li ye­tir­miş­dir. Onun tə­lə­bə­lə­rin­dən Qa­ra Qarayev, Fik­rət Əmi­rov, Ni­ya­zi, Sol­tan Ha­cı­bə­yov, Ağa­ba­cı Rza­ye­va, Şə­fi­qə Axun­do­va və onlarla başqala­rı­nın ad­la­rı­nı çək­mək olar.­.. Onun “Ar­şın mal alan” mu­si­qi­li ko­me­di­ya­sı 1917-ci il­də (rejissor B.Svet­lov), 1945-ci il­də (re­jis­sor­lar R.Təh­ma­sib, N.Leş­şen­ko), 1965-ci il­də (rejissor T.Ta­ğı­za­də), “O olma­sın, bu ol­sun” mu­si­qi­li ko­me­di­ya­sı (rejissor H.Seyidzadə) isə 1956-cı il­də ekranlaşdı­rıl­mış­dır. 1945-ci il­də çə­kil­miş “Ar­şın mal alan” fil­mi­nin bir qrup ya­ra­dı­cı­sı və iş­ti­rak­çı­sı ilə ya­na­şı, Üze­yir Hacıbəyov da SSRİ Dövlət Mü­ka­fa­tına la­yiq gö­rül­müş­dür. 1944-cü ildə Azər­bay­can Dövlət Sim­fo­nik Orket­ri­nə, 1949-cu il­də Azər­bay­can Döv­lət Konservatoriyasına Üze­yir Hacıbəyovun adı verilmiş və respublikanın  şə­hər və qə­sə­bə­lər­də onun adı­na kü­çə­lər, mu­si­qi mək­təb­lə­ri, Respublika Dövlət Mü­ka­fa­tı və s. təsis olunmuşdur. Bakıda və Şu­şa­da hey­kə­li (1960-cı il­də Ba­kı­da tunc və qra­nit­dən ucal­dı­lan hey­kə­lin müəl­li­fi hey­kəl­tə­raş T.Məm­mə­dov; 1985-ci il­də Şu­şa­da tunc və qra­nit­dən ucal­dı­lan hey­kə­lin müəl­li­fi isə Ə.Salikov­dur) ucaldıl­mış­, 1965-ci il­də Şu­şa­da, 1975-ci il­də isə Ba­kı­da ev mu­zey­lə­ri açıl­mış­dır. 1982-ci il­də xalq yazıçısı Ana­rın sse­na­ri müəl­lif­li­yi və re­jis­sor­lu­ğu ilə bəs­tə­ka­rın hə­yat və fəaliy­yə­tin­dən bəhs edən iki­se­riya­lı “Üze­yir Ha­cı­bə­yov; Uzun öm­rün akkordları” rəng­li bədii televiziya filmi çəkilmişdir. Onun yaradıcılığının es­te­ti­ka­sı­nın realizmi, milliliyi, həyatiliyi, nikbin ruh, yüksək ideya-məzmun, forma mükəmməlliyi, yüksək bədiilik, ənənə və novatorluğu, elə­cə də bəs­tə­kar­lıq təcrübə­sin­də­ki qey­ri-adi fəaliyyəti, nə­zə­ri konsepsiyaları, bu­nu de­mə­yə əsas ve­rir ki, bu dahi sə­nət­kar­ın zəngin, çox­şa­xə­li ir­si daim təd­qi­qat­çı­la­rın nə­zər-diq­qə­ti­ni cəlb et­miş, hə­yat və fəa­liy­yə­ti haq­qın­da çox­lu sayda monoqrafiyalar, kitablar, oçerk və mə­qa­lə­lər ya­zıl­mış­ və bundan sonra da yazılacaqdır.

Nuray Ağabala qızı BƏKTAŞİ

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

[email protected]